Şriftin ölçüsü :

Saytın rəngi :

2 fevral ölkəmizdə “Gənclər Günü” kimi qeyd edilir

02 fevral 2021 | 16:00

2 fevral gününün ölkəmizdə  “Gənclər Günü” kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu. 1996-cı il 2 fevral tarixində Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu keçirilidi. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başladı.
Əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün  Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoymuşdur.Ölkəmizdə gənclər siyasətinin  uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün ölkəmizdə mübariz, vətənpərvər, intellektual bacarığı ilə seçilən yeni nəsil yetişmişdir.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında yeni dövr başlatmışdır. Məhz onun rəhbərliyi ilə  həyata keçirilən davamlı tədbirlər,uğurla icra olunan dövlət proqramları gənclərimizin özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması, onlarda Vətənə məhəbbət, dövlətçilimizə sədaqət hisslərinin  aşılanması həmişə ön planda olmuşdur.
27 sentyabr tarixindən başlayan 44 gün ərzində davam edən Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı  və 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımız mənfur düşməndən  azad edildi. 44 günlük Vətən müharibəsində Azərbaycan gənci özünü tam sübut etdi.  Rəşadətli Azərbaycan Ordusunun sıralarında hərbi xidmətə cəlb olunmuş gənclərimiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, əzəli torpaqlarımızın işğaldan azad olunması və tarixi Qələbəmizin əldə olunmasında cəsurluq, igidlik və yenilməzlik nümunəsi göstərdilər. Neçə-neçə qəhrəman əsgər və zabitlərimiz vətənin azadlığı uğrunda həyatından  keçərək şəhidlik zirvəsinə ucaldılar. Neçə-neçə igidlərimiz sağlamlığını qismən itirdilər. Şəhidlərimizin hər birinin adı Azərbaycanın əldə etdiyi bu Zəfər tarixinə əbədi olaraq yazıldı. Xalqımız həmişə onların əziz xatirəsini uca tutacaqdır.
Təbii ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda gedən döyüşlərdə şanlı Azərbaycan Ordusunun sıralarında kəlbəcərli gənclər də döyüş tapşırıqlarını şərəflə yerinə yetirmiş, onlardan 32 nəfəri şəhid olmuş, 100 nəfərdən çoxu yaralanmışdır.
Vətən qarşısında xidmətlərinə görə yüksək dövlət təltiflərinə layiq görülən hərbi qulluqçular sırasında kəlbəcərli  gənclər də var. Bundan başqa döyüş əməliyyatlarında fərqlənən yüzlərlə kəlbəcərli gənc müxtəlif medallar və fəxri adlarla təltif olunmuşlar. Ona görə də biz bu il müstəqillik tariximizdə ilk dəfə olaraq “Gənclər günü”nü ərazisi tam bərpa olunmuş müstəqil Azərbaycanın gəncləri olaraq qeyd edirik. Qarşıda bizi, xüsusi ilə gənclərimizi çox böyük vəzifələr gözləyir.  Bundan sonra da möhtərəm prezidentimiz, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həm ölkəmizdə aparılan quruculuq işlərində, həm də vətənimizin müdafiə qüdrətinin möhkəmləndirilməsində iştirak etmək hər bir gənc üçün şərəf və qürur mənbəyi olmalıdır. Vətənin azadlığı, bütövlüyü yolunda canından keçmiş Şəhidlərimizə  Ulu Tanrıdan rəhmət, ailələrinə səbr diləyir, qazilərimizə tezliklə sağlıqlarına qovuşmağı arzu edirik.
Rayonumuzun gənclərini 2 fevral-Gənclər Günü münasibəti ilə təbrik edib və onlara gələcək işlərində uğurlar arzulayırıq.İnanırıq ki, işğaldan azad olunmuş doğma Kəlbəcərimizin yenidən qurulmasında, eləcədə inkişafında gənclərimiz fəal rol oynayacaqlar.

Keçidlər