Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan ədəbiyyatının və aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Şəmşirin (Dədə Şəmşirin) vəfatından 41 il ötür.

10 fevral 2021 | 16:00

Azərbaycan klassik şerinin ustadı,  XX əsr Azərbaycan ədəbiyyatının və aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Şəmşirin vəfatının 41-cı ildönümüdür. Dədə Şəmşirin qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaratmışdı. Bu gün çoxlarının yaxşı tanıdığı onlarla saz-söz sənətkarlarının yetkinləşməsində, kamilləşməsində Aşıq Şəmşir məktəbinin əvəzsiz rolu olub. Bu məktəb təkcə aşıq sənətinə deyil, ümumən saz-söz sənətinə təsir göstərməklə bir çox şairlərin yetişməsinə münbit zəmin yaradıb.
Aşıq Şəmşirin yaradıcılığını dövlətimizin başçısı cənab İlham Əliyev yüksək dəyərləndirmiş və  2018-ci ildə Dədə Şəmşirin 125 illik yubileyinin ölkə miqyasında qeyd edilməsi ilə bağlı, sərəncam imzalamışdır. Ulu öndərimiz Heydər Əliyev də ustad sənətkarın ədəbi-bədii irsinə yüksək qiymət vermiş, hələ 1973-cü ildə böyük sənətkarın 80 illik yubileyinin keçirilməsi ilə bağlı qərar vermişdir. 2003-cü il iyul ayının 5-də isə Heydər Əliyev “Aşıq Şəmşirin 110 illik yubileyinin keçirilməsi haqqqında” sərəncam imzalamışdır. Sərəncama əsasən, Aşıq Şəmşirin 110 illik yubileyi dövlət səviyyəsində qeyd edilib, Göygöl rayonundakı 7 illik uşaq musiqi məktəbinə Aşıq Şəmşirin adı verilib və büstü ucaldılıb.
Erməni girovluğunda qalan görkəmli sənətkarın  məzarı və doğma  yurdu Kəlbəcər erməni əsarətindən dəmir iradə və dəmir yumruğa sahib Ali Baş Komandan cənab İlham Əliyevin və rəşadətli oğullarımızın sayəsində azad edilmişdir. Dədə Şəmşirin növbəti anım günləri və eləcə də yubileyləri böyük sənətkarın doğma yurunda qeyd olunacaq və Kəlbəcər rayonunda Aşıq Şəmşir məktəbinin yenidən  onlarla saz-söz sərrafı yetişdirəcəkdir.

Allah rəhmət eləsin!

Keçidlər