Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Respublika Konfransı keçirilib

07 may 2022 | 16:00

Kəlbəcər Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatı, Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsi və Mədəniyyət Nazirliyinin Gəncə Regional Mədəniyyət İdarəsinin Kəlbəcər rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Respublika konfransı keçirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini və şəhidlərin xatirəsinə həsr edilmiş memorial kompleksi ziyarət ediblər.
Sonra Kəlbəcər Rayon İcra Hakimiyyətinin konfrans zalında Dövlət himni səsləndirilib, Ümummilli liderin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Respublika konfransını giriş sözü ilə açan Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev qonaqları salamlayıb, ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən bəhs edib. Bildirib ki, bu tarixi qələbə nəticəsində respublikanın yüzlərlə yaşayış məntəqəsində məskunlaşmış kəlbəcərlilərin didərginlik həyatına son qoyulub. Kəlbəcərlilər səbirsizliklə bərpa-quruculuq işləri başa çatdıqdan sonra öz dogma yurdlarına qayıdacaqları günə hazırlaşırlar. Azər Qocayev qeyd edib ki, Vətən müharibəsində 33 nəfər kəlbəcərli şəhidlik zirvəsinə ucalıb. Natiq Ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, elm və təhsilinin inkişafındakı misilsiz xidmətlərindən bəhs edib, keçirilən konfransın əhəmiyyətini vurğulayıb. 
Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov çıxışında bildirib ki, möhkəm təməlləri Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən müdrik siyasət nəticəsində ölkəmiz dünyanın aparıcı dövlətlərindən birinə çevrilib. 2020-ci ilin 27 sentyabrında düşmənin növbəti təxribatlarına cavab kimi başlayan və tarixi Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi nəticəsində qüdrətli Azərbaycan dövləti 30 illik işğala son qoyub, ulu öndərimiz Heydər Əliyevin müqəddəs Ata vəsiyyəti möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilib. Həbib Misirov ulu öndərə həsr olunmuş konfransın Kəlbəcər rayonu ictimaiyyəti, ziyalıları ilə birgə keçirilməsinə şərait yaratdıqlarına görə Universitet rəhbərliyinə minnətdarlığını bildirib.
Konfransda BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı “Ulu öndər Heydər Əliyev və Azərbaycanda kitab mədəniyyəti”, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan “Ulu Öndər Heydər Əliyev və gənclərin milli-mənəvi tərbiyəsi”, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosenti Rasim Süleymanov “Görkəmli dövlət və ictimai-siyasi xadimlər ulu öndər Heydər Əliyev haqqında” mövzularında məruzə ediblər. Məruzələrdə Ulu Öndərin xalqımızın rifahı naminə göstərdiyi tarixi xidmətlər bir daha diqqətə çatdırılıb, Ümummilli liderin irsinin hərtərəfli tədqiqinin gələcək nəsillər üçün böyük miras olduğu vurğulanıb. 
Tədbirin davamında ustad sənətkar Aşıq Şəmşirin ulu öndər Heydər Əliyevə həsr etdiyi şeirlərin əsasında Mədəniyyət Nazirliyinin Gəncə Regional Mədəniyyət İdarəsinin Kəlbəcər rayonu üzrə nümayəndəliyi tərəfindən hazırlanmış “Zərli tac kamallı başa yaraşır” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Sonda Bakı Dövlət Universitetinin Elmi Kitabxanası, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, “Elm” Nəşriyyatı və “Akademkitab” Birliyi tərəfindən Kəlbəcər rayonunun Mərkəzləşdirilmiş Kitabxana Sisteminə hədiyyə edilmiş kitabların sərgisinə baxış keçirilib.

Keçidlər