Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət

Maddi-mədəni irsi

Kəlbəcərdə alban dövrünə aid xeyli tarixi abidələr var. Bunlardan ən məşhuru Xudavəng məbəd kompleksidir. Bu abidə kompleksi Kəlbəcər rayonunun şərqində - rayonunun 29 kilometrliyində yerləşir. "Xudadəng" də adlandırılan abidə kompleksi VI-VII əsrlərdə alban knyazı tərəfindən tikilib, XV əsrdə isə bu abidə alban knyazlığının dini məbədi olub. Sonralar məbəd bir neçə dəfə təmir edilib, əlavələr olunub və nəhayət alban hökmdarı Həsən Cəlal tərəfindən yenidən inşa edilib. Həsən Cəlalın arvadı Minə Xatun bu qalada dəfn olunub. Anası Arzu Xatun və dövrün görkəmli ziyalısı Mxitar Qoş bu məbəddə olmuş və xatirə üçün nişan daşları qoymuşdur. Üstü gümbəz kimi tikilmiş bu kompleksin tikintisində ağac materialından da istifadə edilib. Binanın divarlarında yağlı boya ilə çəkilmiş çoxlu şəkillər və yazılar var. Abidənin tikintisində istifadə olunmuş daşlar Tərtər çayının sahilində – bir dərədə yığılaraq suxurlaşmış və kiristallaşmış gildən əmələ gəlmişdir. Kəlbəcər rayonunun Vəng kəndi ərazisində də digər bir alban məbədi yerləşir.

Kəlbəcədəki digər qədim Alban abidələri bunlardır: "Laçınqaya", "Lev", "Uluxan", "Qalaboynu", "Comərd". Kəlbəcərin Ağdaban kəndinin də qədim alban tayfasının adını daşıdığı güman edilir. "Alban" adının Ağuan, Aluan, Ağvan, Andan kimi təhrif olunmuş adlarından birinin də Ağban olması istisna deyil.

Kəlbəcər rayonunun Vəng kəndi ərazisində alban məbədi, Çərəkdar kəndində alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı işğal zonasında qalaraq, Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən dağıdılıb.

Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər Qobustandakı yazılı və şəkilli daşların oxşarı -"əkiz"lərdir. "Soltan Heydər", "Qurbağalı çay", "Turşsu", "Ayçınqıllı", "Gəlinqayası", "Böyükdəvəgözü", "Sərçəli" və s. yerlərdəki qayaüstü təsvirlər təkcə Kəlbəcərin deyil, bütövlükdə Azərbaycan torpağının qədim insan məskəni olduğunu sübut edir. Kustar şəkildə, bazalt daşına həkk edilmiş keçələrdən, ov səhnələrindən, yallıyabənzər oyunlardan, göy cismlərindən, qədim heyvanlardan və s. ibarət bu daş kitabələr Kəlbəcərin tarixinin, mədəniyyətinin qədimliyini əks etdirir. Bu təsvirlərdən biri belədir: Bir insan fiquru ayağının birini bir dairənin, o birini isə digər bir dairənin üzərinə qoyaraq yuxarıdakı kürəyə baxır. Güman olunan budur ki, insan bir planetdən digərinə uçmaq arzusundadır. İnsan fiqurunun ayağı altındakı dairənin biri Yer, o biri isə Ay güman olunur.

“ K Ə L B Ə C Ə R   H A R A Y I “ Q Ə Z E T İ

“Kəlbəcər harayı “ qəzeti 1934-cü ildən “ Qızıl Maldar” adı ilə çap olunub. Sonra “ Yeni həyat uğrunda “, “ Kommunizm yolu”, 1965 ci ildən Kəlbəcərin işğalına qədər (1993-cü il 1, 2 aprel) “Yenilik” qəzeti adı ilə çap olunub. Kəlbəcərin işğalından sonra Kəlbəcər Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə Gəncə şəhərinin Gülüstan qəsəbəsində “Kəlbəcər harayı” adı altında fəaliyyətini davam etdirir. Qəzet ayda 2 dəfə ən azı 8 səhifə olmaqla işıq üzü görür. Məhəmmədəli İsmayılov, Əziz Bayramov, Kərəm Əhmədov, Şamil Əsgərov, Zal Cabbarlı, Əli Mirzəyev, Sədnik Paşayev, Əli Qurbanov, Zimistan Həsənov müxtəlif illərdə bu qəzetin redaktorları olmuşlar. Hazl-hazırda Zahid Muxtar qəzetin baş direktorudur.
 

 

Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici həm də daxili xəstəliklərini müalicə etmək mümkündür. İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilmişdir. Həmin zavod sutkada 800 min litr su istehsal edirdi.

Rayonun İstisu qəsəbəsində Ümumittifaq əhəmiyyətli 1 və 2 nömrəli İstisu sanatoriyaları fəaliyyət göstərirdi. Hər il orada 50 min nəfər müalicə olunur və istirahət edirdi.
 

Keçidlər