2 aprel-Kəlbəcərin işğal olunmasından 23 il keçir
2016-cı il aprel ayının 2-də saat 11:00-da Kəlbəcər rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmasının 23-cü ildönümü ilə əlaqədar olaraq Göygöl rayonunda Şəhidlər xiyabanı ziyarət edilərək Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan soydaşlarımızın məzarları önünə gül dəstələri qoyuldu. Anım mərasimi Gəncə şəhəri 1500 ailəlik yeni yaşayış massivində Kəlbəcər rayon Mədəniyyət sarayında rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə davam etdi.
Mərasimdə çıxış edən Kəlbəcər rayon İcra hakimiyyətinin başçısı cənab Aqil Məmmədov bildirdi ki, Erməni silahlı birləşmələrinin Kəlbəcər rayonunda da dinc əhaliyə amansızlıqla divan tutmalarından danışaraq bildirdi ki, ermənilərin 1993-cü ilin aprel ayının əvvəlində Kəlbəcərə qarşı həyata keçirdiyi hərbi təcavüzü nəticəsində 511 nəfər qəddarcasına qətlə yetirilmiş və rayona 31 milyard ABŞ dollarından çox həcmdə maddi zərər dəymişdir. Onu da qeyd etdi ki, Prezidentimiz cənab İlham Əliyevin müvafiq fərman və sərəncamlarına uyğun olaraq qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və sosial problemlərin həlli istiqamətində müntəzəm olaraq genişmiqyaslı işlər həyata keçirilir. Buna baxmayaraq kəlbəcərli məcburi köçkünlər cənab prezidentin rəhbərliyi ilə öz doğma yurdlarını azad etmək və ev eşiklərinə qayıtmaq həsrəti ilə yaşayırlar.
Tədbirdə çıxış edənlər Ermənistanın hazırki rəhbərliyinin sülh danışıqlarını müxtəlif bəhanələrlə pozmalarından, torpaqlarımızın işğal olunması faktının Azərbaycanlıların və eləcə də dünya ictimaiyyətinin yaddaşından çıxarmağa çalışdıqlarını qeyd etdilər.
Mərasimdə Kəlbəcər rayonuna həsr olunmuş videoçarx nümayiş etdirildikdən sonra rayon məktəblilərinin təqdimatında bədii kompozisiya nümayiş etdirildi. Sonda Azərbaycan bayrağı ilə səhnəyə daxil olan hərbiçilərimizin oxuduqları marş hamımıza qələbə gününün yaxında olduğunu bir daha sübut etdi.