15 iyun – Milli Qurtuluş günü Kəlbəcər rayon İcra hakimiyyətində qeyd edildi.
Dünya şöhrətli siyasətçi, müasir Azərbaycanın qurucusu və memarı Ulu Öndərin abidəsi ziyarət edildi, xatirəsi dərin ehtiramla yad olundu. Sonra hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş birgə ümumrayon toplantısı keçirildi.
Toplantını giriş sözü ilə açan Kəlbəcər RİH başçısının birinci müavini Eldəniz Mehdiyev çıxışında Milli Qurtuluş gününün Azərbaycanın və hər bir Azərbaycan vətəndaşının taleyində, yaddaşında əbədi həkk olunan tarixi günlərdən biri olduğunu qeyd etdi.
Sonra Kəlbəcər RİH başçısının müavini Aytac Rüstəmzadənin 15 iyun Milli Qurtuluş günü münasibəti ilə məruzəsi dinlənildi. Məruzə ətrafında çıxış edənlər müstəqilliyimizin möhkəmlənməsində və əbədi olmasında Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin müstəsna xidmətlərini xüsusi qeyd etdilər.