Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə yerləşən Kəlbəcər rayon Mədəniyyət sarayında təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirildi.
Konfransda Kəlbəcər rayon İcra hakimiyyətinin başçısı cənab Aqil Məmmədov, Təhsil Nazirinin müavini Firuddin Qurbanov, təhsil işçiləri, müəllimlər iştirak etdilər.
Konfrans iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə tər çiçəklər düzdülər. Rayon Mədəniyyət sarayında keçirilən konfransda rayon Təhsil Şöbəsinin müdiri Elmira Şükürova 2015-2016-cı tədris ilində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı geniş məruzə ilə çıxış etdi. Konfransda həmçinin rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov və Təhsil Nazirinin müavini Firuddin Qurbanov da çıxış etdilər. Məruzə və çıxışlarda respublikamızda, o cümlədən rayon təhsilinin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, Prezident cənab İlham Əliyevin bu sahədə gördüyü ardıcıl tədbirlərdən, habelə Heydər Əliyev Fondunun xidmətlərindən ətraflı bəhs olundu..
Sonda 2016-cı ildə keçirilmiş ali məktəblərə qəbul imtahanları zamanı 600-dən yuxarı bal toplamış 19 məzun rayon icra Hakimiyyətinin başçısı tərəfindən fəxri fərmanla təltif edilmiş, onlara qiymətli hədiyyələr və pul mükafatları təqdim olunmuşdur.