Gəncə şəhəri 1500 ailəlik yeni məcburi öçkün qəsəbəsində Novruz Bayramı münasibətilə rayon şənliyi keçirildi
Kəlbəcər rayon İcra hakimiyyəti tərəfindən təşkil edilmiş şənlikdə Rayon İcra Hakimiyyətinin Başçısı cənab Aqil Məmmədov, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin kollektivləri, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi əlilləri, şəhid və aztəminatlı ailələr, idmançılar, musiqiçilər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.
Rayon İcra Hakimiyyətinin Başçısı cənab Aqil Məmmədov çıxış edərək Azərbaycan xalqının uzaq qədimlərdən bu günədək sevə-sevə qeyd etdiyi Novruz Bayramı münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi və bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı.
Cənab Aqil Məmmədov bayramın rəmzi olan “Novruz tonqalını” alovlandırdıqdan sonra, qonaqlarla birgə hər bir kollektivə yaxınlaşaraq bayram münasibəti ilə təşkil olunmuş süfrələrlə tanış oldular və onlara bir daha öz xoş arzularını çatdırdı. Eyni zamanda rayon idmançılarının nümunəvi çıxışlarına da tamaşa olundu. Novruz Bayramının əsas personaları olan Kosa, Keçəl və Bahar Qızı meydançaya daxil oldular və öz duzlu və məzəli çıxışları ilə şənliyə rəngarənglik qatdılar. Şənlik rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi rəngarəng konsert proqramı ilə davam etdirildi.