Erməni işğalçıları tərəfindən Kəlbəcər rayonunun Ağdaban kəndində törədilən qanlı faciənin 25 ili tamam olur.
Kəlbəcər Rayon İcra Hakimiyyətində Ağdaban kənd sakinlərinin, həmçinin ictimaiyyət nümayəndələrinin iştirakı ilə anım mərasimi keçirildi. Əvvəlcə şəhidlərin xatirəsi ehtiramla anıldı. Sonra Ağdaban faciəsindən bəhs edən film nümayiş olundu. Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının müavini Aytac Rüstəmzadə anım mərasimində çıxış edərək bildirdi ki, Ağdaban soyqırımı son 200 ildə erməni cəlladlarının azərbaycanlılara və bütün türk dünyasına qarşı törətdiyi çoxsaylı soyqırımlarından biridir. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə erməni silahlıları ağır texnikadan istifadə etməklə öz havadarlarının köməyi ilə Ağdaban və Çayqovuşan kəndinə hücum edərək hər iki kəndi yer üzündən sildilər. Soyqırımı nəticəsində 34 nəfər qətlə yetirilib, 7 nəfər diri-diri yandırılıb, 8 nəfər 90-100 yaşlı qocaya divan tutulub, 5 nəfər əsir götürülüb, onlarla dinc sakin isə şikəst edilib. Həmçinin erməni vandalları uşaqları, qadınları, ahılları qətlə yetirməklə yanaşı, şair Qurban və Dədə Şəmşir ocağını yandıraraq buradakı qiymətli əlyazmaları və nadir tarixi əşyaları məhv etdilər.
Daha sonra çıxış edən soyqırımı şahidləri, Ağdaban kənd sakinləri - Cavad Alıyev, Dadaş Əhmədov və Dilarə Mirzəyeva dəhşətli gecəni xatırlayaraq, erməni silahlıları tərəfindən başlarına gətirilən müsibətdən danışdılar. Ağdabanlılar bu illər ərzində dövlət tərəfindən onlara xüsusi diqqətlə yanaşıldığını qeyd edib, işğal altındakı torpaqlarımızın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad olunacağına, doğma yurd-yuvalarına qayıdacaqlarına əminliklərini ifadə ediblər.