Kəlbəcər rayon məktəblərində 15 sentyabr - Bilik Günü qeyd olundu
15 sentyabr 2017-ci il tarixdə Kəlbəcər rayonunun bütün orta ümumtəhsil məktəblərində ənənəvi olaraq “Bilik günü” münasibəti ilə tədbirlər keçirildi. Yeni dərs ilinin açılış mərasimlərində Kəlbəcər Rayon İcra Hakimiyyətinin Başçısı, Aparatının məsul işçiləri, müəllimlər, valideynlər, ictimaiyyətin nümayəndələri iştirak etdilər. Bərdə rayon Cəyirli kəndində fəaliyyət göstərən Kəlbəcər rayon 104 saylı ümumi orta məktəbində keçirilən tədbirdə çıxış edən Kəlbəcər rayon İcra hakimiyətinin başçısı cənab Aqil Məmmədov 6 sinif otağından ibarət yeni tikilib istifadəyə verilən məktəb haqqında ətraflı məlumat verərək bildirdi ki, məhz Ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə olan diqqəti və qayğısının nəticəsidir ki, bu gün rayonumuzun demək olar ki əksər məktəbləri ən müasir tələblərə cavab verən yeni binalarda fəaliyyət göstərir. Rayon Başçısı qeyd etdi ki, 2017-2018-ci tədris ilində Kəlbəcər rayonunda 1525 uşaq ilk dəfə məktəbin qapısını açmışlar. 2016-2017-ci tədris ilində Kəlbəcər rayon məktəblərini 975 məzun bitirmişdir. Onlardan 419 nəfər ali məktəblərə qəbul olmuşdur. Keçən illə müqayisədə qəbul olunanların sayı 26 nəfər çoxdur. Eyni zamanda bu il yüksək bal toplayanların sayı keçən illə müqayisədə çoxluq təşkil edir. Abituriyentlərdən 30-u 600-dən yuxarı bal toplayıb. 55 nəfər abituriyent isə 500-600 bal arası toplayaraq ali məktəbə qəbul olmuşlar.