Kəlbəcər rayon Mərkəzi Xəstəxanasında yeni inşa edilmiş bina istifadəyə verildi
04 oktyabr 2017-ci il tarixdə Kəlbəcər rayon Mərkəzi Xəstəxanasında yeni inşa edilmiş 13 otaqdan ibarət binanın istifadəyə verilməsi münasibətilə rayon ictimaiyyətinin iştirakı ilə geniş tədbir keçirildi.
Tədbirdə Kəlbəcər rayon İcra hakimiyyətinin başçısı cənab Aqil Məmmədov yeni inşa edilmiş binanın açılışını bildirən rəmzi lenti kəsərək bütün sahələrdə olduğu kimi səhiyyə sahəsinə, həmçinin, məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə rayon ictimaiyyəti adından öz dərin minnətdarlığını bildirdi.
Kəlbəcər rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mehparə xanım Kazımova yeni binanın inşasında göstərdiyi dəstəyə görə hörmətli Millət vəkili Cavid Qurbanova və bu işdə əməyi olan hər kəsə minnatdarlığını bildirərək rayon əhalisinə daha yüksək səviyyədə tibbi xidmətin göstəriləcəyinə söz verdi.
“Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi”nin sədr müavini Həbib Misirov öz adından, birliyin sədri hörmətli ağsaqqalımız Qənbər Qurbanovun adından xəstəxananın kollektivini təbrik edərək, Birliyin bundan sonra da rayon əhalisinin sosial problemlərinin həllində yaxından iştirak edəcəyini bildirdi.
Tədbirdə digər çıxış edənlər qeyd etdilər ki, ölkə başçısının rəhbərliyi ilə səhiyyə sistemində aparılan uğurlu islahatlar sağlam cəmiyyətin formalaşmasına, ölkə vətəndaşlarına daha yaxşı səhiyyə xidmətlərinin göstərilməsinə şarait yaradır.
Sonda isə rayon ictimaiyyətinin iştirakı ilə könüllü qanvermə aksiyası keçirildi.