"Uşaq hüquqları aylığı" çərçivəsində tədbir keçirildi.
07 noyabr 2017-ci il tarixdə Kəlbəcər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Kəlbəcər rayon 11 saylı tam orta məktəbində “Uşaq hüquqları aylığı” çərçivəsində “Sağlam gələcək sağlam ailədən başlayır” mövzusunda rayon ictimaiyyətinin nümayəndələrinin, müəllimlərin və yuxarı sinif şagirdlərinin iştirakı ilə maarifləndirmə tədbiri keçirildi.
Tədbir iştirakçıları əvvəlcə Kəlbəcər rayon Uşaq incəsənət məktəbinin şagirdlərinin uşaq hüquqları mövzusunda çəkdikləri rəsm əsərlərindən ibarət sərgi ilə tanış oldular.
Tədbiri giriş sözü ilə açan Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aytac Rüstəmzadə uşaq hüquqlarının müdafiəsinin dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olmasını bildirərək uşaqlara qayğının, onların hüquqlarının təmin edilməsinin hər bir ictimai institutun mühüm vəzifəsi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Digər çıxış edənlər də uşaqların milli dəyərlər əsasında düzgün tərbiyə olunması və sağlam mühitdə yetişməsinin əhəmiyyətindən danışaraq uşaqların öz hüquqlarını dərindən mənimsəmələri sahəsində mütəmadi olaraq həyata keçirilən maarifləndirmə tədbirlərinin vacibliyini vurğuladılar.
Tədbirin sonunda mövzu ilə bağlı film nümayiş olundu.