26 iyun - Silahlı Qüvvələr Günü münasibəti ilə Kəlbəcər rayonunda Qazilər və Vətən müharibəsi iştirakçılarına medallar təqdim olunub.
25 iyun 2022 | 17:38
Kəlbəcər Rayon İcra Hakimiyyətinin, YAP Kəlbəcər rayon təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin birgə təşkilatçılığı ilə 26 iyun - Silahlı Qüvvələr Günü münasibəti ilə bayram tədbiri keçirilmiş, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə, vicdanla və döyüş tapşırıqlarını uğurla yerinə yetirən Silahlı Qüvvələrimizin hərbi qulluqçuları medallarla təltif olunmuşdur.
Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi Polkovnik-leytenant Nazim Çələbiyev, RİH-nin məsul əməkdaşları, Rayon idarə və müəssisələrinin kollektivləri, Qazilər, Vətən müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Kəlbəcər rayon Mədəniyyət sarayında keçirilən tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi Polkovnik-leytenant Nazim Çələbiyev tədbirdə çıxış edərək tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Milli Ordunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. O, Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib. Bildirib ki, öz qanları, canları bahasına tarixə şanlı zəfər gününü yazan Vətən oğulları heç zaman unudulmayacaq.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək Azərbaycan Ordusunun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazdığını bildirib. O, rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olunduğunu, haqq, ədalətin yerini tapdığını vurğulayıb. Vətən üçün öz sağlamlıqlarını itirən qazilərimizə minnətdarlığını bildirib. Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstərərək işğal olunmuş torpaqlarımızın azad olunmasında fərqləndiklərinə görə təltif edilən hərbi qulluqçuları təbrik edərək Ulu Tanrıdan şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıb, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritet məsələlərindən olduğunu bildirib.
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Heydər Bəylərov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbədən, qəhrəmanlıqla döyüşən əsgərlərimizin şücaətindən danışmış, medala laiq görülmüş müharibə iştirakçılarını təbrik edərək, şəhidlərə Allahdan rəhmət, onların valideyinlərinə səbr diləmiş, qazilərə can sağlığı arzulamışdır. H.Bəylərov bildirmişdir ki, belə tədbirlərin təşkilində əsas məqsəd gənc nəslin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, Vətən müharibəsi qəhrəmanlarının ölkəmizin ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda keçdikləri şərəfli döyüş yolunu böyüməkdə olan nəslə örnək kimi təqdim etməkdir.
Tədbirdə Kəlbəcər rayon Uşaq incəsənət məktəbinin yaradıcı kollektivinin ifasında vətənə, ordumuza həsr olunan musiqilər səsləndirilib.
Sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə verilən Qazilərin və Vətən müharibəsi iştirakçılarının “Xocavəndin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” “Şuşanın azad olunmasına görə” , “Hərbi xidmətdə fərqlənməyə görə”, “Laçının azad olunmasına görə” , “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Fizulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları təqdim olunub.
Təqdimat mərasimində Vətən müharibəsi iştirakçıları və qazilər onlara göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.