Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr “Anım günü” ilə əlaqədar olaraq Kəlbəcər rayonunda ümumrayon tədbiri keçirilib.

27 sentyabr 2022 | 18:13
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla hərbi cinayətlər törətmişdir. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 3000 nəfərədək hərbi qulluqçusu həlak olmuş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.
Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.
27 Sentyabr-Anım Günü ölkəmizin hər yerində olduğu kimi Kəlbəcər rayonunda da dərin hüzn və kədər, eyni zamanda isə qürur hissi ilə qeyd olunmuşdur. Anım mərasimində Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev və anım mərasiminin iştirakçıları əvvəlcə Göygöl rayon Murovdağ qəsəbəsində yerləşən Murovdağ Şəhidlər Xiyabanını və Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə yerləşən Kəlbəcər şəhidlərinin abidə kompleksini ziyarət etmişdir. Anım mərasimində İcra Hakimiyyətinin başçısı abidə önünə əklil qoymuş, şəhid məzarlarının və şəhid adlarının yazıldığı lövhələrin üzərinə tər çiçəklər düzülmüş, şəhidlərimizin ruhuna dualar oxunmuşdur. Daha sonra saat 12:00 da şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilərək, xüsusi avtomobillərdən fasiləsiz olaraq fit səsləndirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev tədbirə qatılan şəhid ailələri və qazilərlə görüşərək, onların qayğı və problemləri ilə maraqlanmışdır.
Allah şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun!
Keçidlər