27 sentyabr “Anım Günü” ilə əlaqədar şəhid Mönsümzadə Orxan Səfiyar oğlunun ailəsi ziyarət edilib.
05 sentyabr 2025 | 10:04
Kəlbəcər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Tural Oruczadə, Murov Həsənov 27 sentyabr “Anım Günü” ilə əlaqədar şəhid Mönsümzadə Orxan Səfiyar oğlunun ailəsini ziyarət edib. Şəhidlərimizin Vətən Müharibəsində göstərdikləri şücaətdən bəhs ediblər.
Qeyd edək ki, şəhid Mönsümzadə Orxan Səfiyar oğlu 17 sentyabr 1993-cü ildə Bərdə şəhər 2-ci Ərəb Çadır şəhərciyində anadan olub. 1999-cu ildə Ağdam 106 saylı tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 2006-cı ildə orta təhsilini Ağdam rayon Baharlı qəsəbə məktəbində davam etdirib. 2011-ci ildə orta məktəbi bitirdikdən sonra həmin ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2013-cü ildə Naxçıvan MR-nın “N” saylı hərbi hissədə hərbi xidmətini başa vuran Orxan hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 2014-cü ildən etibarən xidmətini Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi davam etdirmişdir. 2016-cı il aprel ayından başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Orxan Mönsümzadə əməliyyatlarda yaxından iştirak etmişdir.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Orxan Mönsümzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Ağdam istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. Topçu olan Orxan Mönsümzadə sentyabrın 28-də Ağdam istiqamətində qəhrəmancasına şəhid olub. Subay idi. 29 sentyabr 2020-ci ildə Bərdə şəhər Cəyirli kəndində dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, övladlarının xatirəsinini həmişə əziz tutduqlarına, onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






