27 sentyabr “Anım Günü” ilə əlaqədar Vətən müharibəsi zamanı şəhid olmuş leytenant Orucov Nemət Əkbər oğlunun məzarı ziyarət edilib.
28 sentyabr 2025 | 10:57
Ziyarətdə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları Tural Oruczadə, Vüsal Quliyev, Tural Zahid oğlu, Yellicə və Qaraçinar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları, şəhid ailələri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib. Şəhidlərimizin ruhuna dualar oxunub, ehtiramla yad edilib.44günlük Vətən müharibəsində və lokal antiterror əməliyatında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun göstərdiyi rəşadətdən, şəhidlərimizin misilsiz şücaətindən bəhs edilib. Şəhidlərimizin əziz xatirəsini hər zaman xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanıb.
Qeyd edək ki, şəhid leytenant Orucov Nemət Əkbər oğlu oğlu 15 noyabr 1994-cü ildə anadan olub. Əslən Kəlbəcər rayonundan idi. 2001-ci ildə Goranboy rayon Qaraçinar kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 2011-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirib. 2011-ci ildə Azərbaycan Texnologiya Universitetinin (ATU) ekologiya mühəndisliyi fakültəsində qəbul olunan Nemət 2016-cı ildə universiteti yüksək nailiyyətlərlə bitirib.
Həmin ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2017-ci ildə Müdafiə Nazirliyinin N saylı hərbi hissədə hərbi xidmətini kəşfiyyatçı olaraq başa vuran Nemət Orucov hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 2018-ci ildən hərbi xidmətini "leytenant" rütbəsi ilə davam etdirib. Zabitlik kursunu bitirdikdən sonra Beyləqan və Ağcabədi rayonlarında yerləşən "N" saylı hərbi hissədə post komandiri vəzifəsində xidmət edib. 17 noyabr 2018-ci ildə Azərbaycan Ordusunda "Ən yaxşı motoatıcı bölük" adı uğrunda keçirilən yarışlarda yüksək nəticələr əldə etdiyinə və 3 mart 2019-cu ildə hərbi hissənin yaranmasının 27-ci ildönümü münasibəti ilə döyüş və ictimai siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə görə fəxri fərmanlar ilə təltif olunmuşdur.
Azərbaycan Ordusunun leytenantı olan Nemət Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Nemət Orucov sentyabrın 27-də Xocavənd döyüşləri zamanı rayonda yerləşən Nərgiztəpə ərazisində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olub. Subay idi. 28 sentyabr 2020-ci ildə Goranboy rayonunun Zeyvə kəndində dəfn edilib. 15 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, "İgidliyə görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, övladlarının xatirəsinini həmişə əziz tutduqlarına, onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






