Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Kəlbəcər rayonundan olan şəhid ailələrinin üzvləri ilə görüş keçirtdi.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev 1994-cü ildə Ağdam rayon Mirəşelli kəndində şəhid olmuş, Kəlbəcər rayonundan olan, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilən Musayev Zahid Daşqın oğlunun, 1993-cü ildə Kəlbəcər rayonu ərazisində gedən döyüşlərdə şəhid olmuş Rəhimov Zülfü Rəhim oğlu və Rəhimov İlham Zülfü oğlunun ailə üzvləri ilə görüşdü. Görüşdə İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsinin və rifah halının yaxşılaşdırılmasının Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu bildirdi. “Ümumiyyətlə, şəhid ailələrinə dövlət qayğısının göstərilməsi Azərbaycanın daxili siyasətində prioritetdir. Ümummilli liderimiz Heydər Əliyevin siyasətində şəhid ailələrinə dövlət qayğısı xüsusi yer tutmuşdur. Hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. Görüşün sonunda şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Ölkə Prezidentinə öz dərin minnətdarlıqlarını bildirdilər.