Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev rayonun İdarə və müəsissə rəhbərlərinin iştirakı ilə videokonfrans keçirdi.
Konfransı giriş sözü ilə açan Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev bildirib ki, indi dünyanın sosial-iqtisadi və humanitar mənzərəsi olduqca mürəkkəb xarakterə malikdir. Çünki yeni növ koronavirus (COVID-19) infeksiyasının sürətlə yayılaraq 200-dən çox ölkəni cənginə alması ciddi qlobal problemlərin və qeyri-müəyyənliyin meydana çıxmasına səbəb olub. Bir çox inkişaf etmiş dövlət səhiyyə böhranı və sosial-iqtisadi problemlərlə üz-üzə qalıb. Dövlətlərin öz zəruri resurslarını və potensial imkanlarını maksimum səviyyədə səfərbər etmələrinə baxmayaraq, “COVID-19” adlı pandemiyanın yaratdığı fəsadları aradan qaldırmaq mümkün olmayıb. Ona görə də pandemiya şəraitində qlobal təşəbbüslərin irəli sürülməsi, səylərin birləşdirilməsi ehtiyacı meydana çıxıb. Təqdirəlayiq haldır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yenə də qlobal liderlik keyfiyyətini və təşəbbüskarlığını ortaya qoyaraq çox mühüm ideyalar irəli sürüb. Koronavirus pandemiyasının müşahidə edildiyi ilk zamanlarda Prezident cənab İlham Əliyev tərəfindən qlobal əhəmiyyətə malik təşəbbüslər ortaya qoyulub, regional və beynəlxalq səviyyədə resursların səfərbər olunması zərurəti dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Bu mütərəqqi ideya və təşəbbüslərin beynəlxalq səviyyədə böyük maraqla və rəğbətlə qarşılanması isə Azərbaycana olan inam və etimadın daha bir bariz nümunəsidir.
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu xarici siyasət Azərbaycanın dünyada böyük etimad qazanaraq nüfuzlu dövlətə çevrilməsini təmin edib.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev liderlik nümayiş etdirərək pandemiyaya qarşı mübarizədə bəşəriyyət üçün çox önəmli ideyalarla çıxış edir, pandemiya şəraitində Azərbaycan qlobal həmrəyliyə və əməkdaşlığa xidmət edən təşəbbüsləri ilə fərqlənir. Bu zamana qədər Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə koronavirusa qarşı mübarizə çərçivəsində çox mühüm, ardıcıl və məqsədyönlü addımlar atılıb. Ölkəmizdə qısa müddət ərzində tibbi maska zavodunun, modul tipli xəstəxanaların açılması, süni tənəffüs aparatlarının ölkəyə gətirilməsi, pandemiyadan əziyyət çəkən sahələrə dövlət dəstəyinin göstərilməsi, aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması istiqamətində vaxtında atılmış addımlar pandemiyanın daha da genişlənməsinin qarşısının alınmasına öz müsbət təsirini göstərmişdi.Eyni zamanda, ölkəmiz COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırıb, 30-dan artıq dövlətə humanitar yardım göstərib.
Digər tərəfdən, Dövlətimizin başçısının Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri statusunda təşəbbüsü ilə bu təşkilatın dövlət və hökumət başçıları səviyyəsində aprel ayında fövqəladə Zirvə görüşü keçirilib. Türk Şurası COVID-19-a qarşı mübarizə mövzusunda Zirvə görüşü keçirən ilk beynəlxalq təşkilat olub.. Bununla yanaşı, Qoşulmama Hərəkatının sədri olan Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşü təşkil edilib. Bu tədbirdə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak ediblər. Prezident cənab İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürmüşdü. Bundan sonra təklif Nyu-Yorkda Qoşulmama Hərəkatına 120 üzv ölkə arasında yekdilliklə razılaşdırılıb. BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının sədri Prezident cənab İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə Baş katib Antonio Quterreşə müraciət ünvanlayıb. Heç şübhəsiz, BMT-nin 130-dək üzv dövləti tərəfindən bu təşəbbüsün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük inam və etimadın növbəti göstəricisidir. Ən mühüm məqamlardan biri odur ki, təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir.
Beləliklə, Prezident cənab İlham Əliyev üçün dünya ölkələri və bütövlükdə bəşəriyyət üçün olduqca həssas bir dönəmdə çox mühüm təşəbbüslərlə çıxış edir, Azərbaycanın nümunəvi təcrübəsini bölüşür və liderlik keyfiyyətini nümayiş etdirir. Qətiyyətli Liderin rəhbərlik etdiyi qüdrətli Azərbaycan bir daha qlobal taleyüklü məsələdə öz fəal rolu və liderlik missiyası ilə fərqlənir. Ona görə də rayonumuzun idarə və müəsissə rəhbərlərindən tələb olunur ki, COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində ölkə prezidenti cənab İlham Əliyevin proqram xarakterli çıxışlarından irəli gələn vəzifə və öhdəlikləri qəbul etməklə yerlərdə icrasını təmin etsinlər.
Daha sonra çıxış edən Kəlbəcər Rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə və müəsissə rəhbərləri qeyd etdilər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini dünyanın 130 dövləti tərəfindən dəstəklənməsi bir daha onu göstərir ki , beynəlxalq təşkilatlar və qurumlar Azərbaycan dövlətinə inanır, onun rəhbərinə etimad göstərir.Bu isə ölkəmizin beynəlxalq müstəvidə artan siyasi rolunu və ölkə başçısının güclü lider kimi qətiyyətindən xəbər verir.