Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Rayon Polis Şöbəsinin rəisi Haxverdi Əkbərovun iştirakı ilə ərazilərdə fəaliyyət göstərən mobil qruplarla video-bağlantı yaratdı.
Hal-hazırda bütün dünya dövlətlərinin, o cümlədən Azərbaycanın da əsas diqqəti yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizəyə yönəlibdir. Ölkəmizdə bu virusun aşkar olunduğu ilk gündən bəri infeksiyanın qarşısının alınması məqsədilə dövlətimiz tərəfindən təxirəsalınmaz tədbirlər görülür. Azərbaycanda pandemiyanın elan olunduğu vaxtdan etibarən, zamanında qəbul edilən düzgün qərarlar və tətbiq olunan zəruri məhdudiyyətlərin nəticəsidir ki, vətəndaşlarımızın sağlamlığının qorunması mexanizmi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bir çox dövlətlər üçün nümunə kimi göstərilir. Lakin bu istiqamətdə icra olunan tədbirlərin müsbət nəticə verməsi də məhz elə vətəndaşların sosial məsuliyyətindən asılıdır. Təəsüflər olsun ki, son günlər ölkəmizdə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilməyən bölgələrdə, epidemioloji vəziyyətin və karantin qaydalarının icra vəziyyətinin monitorinqi göstərdi ki, bir çox vətəndaşlarımız bu tələblərə olduqca məsuliyyətsiz şəkildə yanaşmaqla ümumi vəziyyətin mürəkkəbləşməsinə gətirib çıxarır. Nəticədə əhalinin sanitariya-epidemioloji qaydalara riayət edilməsi üçün nəzarətin daha da gücləndirilməsi zərurəti ortaya çıxmşdır. Təbii ki, bunun üçün başlıca amil əhali arasında təbliğat və maarifləndirmə tədbirlərinin icrasının intensivləşdirilməsidir. Ölkə rəhbər möhtərəm cənab prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının sədrlik etdiyi Qərargahın təşəbbüsü ilə əhalinin sıx toplandığı ərazilərdə maariflərndirici tədbirlər həyata keçirmək üçün on səkkiz mobil təbliğat qrupu yaradılmışdır. Tərtib olunmuş müvafiq siyahıya əsasən qruplar hər gün təhkim olunmuş ərazilərində zəruri təbliğat işləri həyata keçirirlər. Belə ki, ticarət və iaişə obyektlərində, çoxmənzil yaşayış binalarının ətraflarında, eləcə də əhalinin sıx toplandığı digər ərazilərdə vətəndaşlara Koronavirus (COVİD-19) infeksiyasına qarşı sakinlərə tibbi maskadan istifadə, sosial məsafəyə əməl etmə, yaşadıqları ərazini ehtiyac olmadıqda tərk etməmək kimi vacib tələblərin əhəmiyyəti bir daha ətraflı izah edilib.
Qrupların gündəlik fəaliyyəti ilə maraqlanmaq üçün eyni zamanda maarifləndirmə işlərinin vəziyyəti ilə əlaqədar olaraq Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Rayon Polis Şöbəsinin rəisi Haxverdi Əkbərovun iştirakı ilə ərazilərdə fəaliyyət göstərən mobil qruplarla video-bağlantı yaratmış, qrup üzvlərindən ərazilərdə mövcud vəziyyət barədə məlumat alaraq öz tövsiyyə və tapşırıqlarını vermişdir. Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev koronavirus infeksiyasına qarşı mübarizədə fəal iştirak edən hər bir rayon sakininə xüsusi təşəkkürünü bildirmiş və bütün rayon sakinlərini öz doğmalarının, yaxınlarının qayğısına qalmaq üçün dövlətimiz tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərdən kənarda qalmamağa çağıraraq virusla mübarizədə aparılan işlərdə ölkə rəhbərimizə dəstək veməyə çağırmışdır.