Bu gün Azərbaycan Milli Mətbuatının yaranması günüdür!
Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi, 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. “Heç olmaz ki, doğru söz yerdə qalsın” deyən Həsən bəy Zərdabi el-obanın zülmət içində boğulduğu bir vaxtda ona əl uzatmaq, onun yolunu elm, maarif çırağı ilə işıqlandırmaq, doğru yol göstərmək üçün “Əkinçi”ni yaratdı.“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Ötən dövrdə zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır.
Azərbaycan mətbuatının yeni inkişaf dövrünün təməlini qoyan ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir.
Bu gündə müstəqil mətbuatın formalaşmasına və inkişafına xidmət edən siyasət, Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə Prezidentinin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi, 2009-cu il aprelin 3-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması, azad medianın inkişaf etdirilməsi, mətbuatın maddi-texniki bazasını möhkəmləndirməsi, jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırması, mətbuat nümayəndələri üçün iki yaşayış binasının tikilələrək onların istifadəsinə verilməsi dövlət başçısının ölkə jurnalistkasına olan diqqət və qayğısının bariz nümunəsidir. Təsadüfi deyil ki, 2010-cu il dekabrın 1-dən 20-dək “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi 2010-cu ildə “Jurnalistlərin dostu” mükafatı qalibinin müəyyənləşdirilməsi ilə bağlı KİV və jurnalist təşkilatları arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə “Jurnalistlərin dostu” mükafatına layiq görülüb.
Bu gün münasibəti ilə peşə bayramını qeyd edən bütün jurnalistləri ürəkdən təbrik edir, fəaliyyətlərində uğurlar diləyirik.