Azərbaycan istehsalı olan “Kəlbəcər” neftdaşıyan tankeri suya salındı.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığına əsasən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi ilə “Bakı Gəmiqayırma Zavodu” MMC-də inşa edilən “Kəlbəcər” neftdaşıyan tankeri növbəti mərhələsinin tikintisinin aparılması üçün zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlar vasitəsilə suya salındı. Bu gəminin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu və ASCO-nun təcrübəli mütəxəssisləri ilə birgə hazırlanıb. Volqa-Don MAX layihəsi olan gəmi maksimum yükgötürmə qabiliyyəti ilə Volqa-Don çayından keçmək imkanına malikdir. “Kəlbəcər” tankerinin uzunluğu 141, eni 16.9, bortunun hündürlüyü isə 6 metrdir. 15 nəfərlik heyətlə idarə edilən gəmi saatda 10 knot sürətlə hərəkət edə biləcək. Tanker xam neft və neft məhsulları daşınması üçün nəzərdə tutulmuş ümumi tutumu 9212 kub metr olan 6 yük çəninə malikdir. Dedveyti dənizdə 7,875 T və çayda 5,447 T olan gəmi hər biri 1,200 kW gücə malik iki ədəd “Wartsila” istehsalı mühərriklərlə təchiz edilib. Zavodun yanalma körpüsündə istismar sınaqları başa çatddıqdan sonra “Kəlbəcər” tankerinin dəniz-istismar sınaqlarına başlanacaq.
Yeni nəsil “Kəlbəcər” tankerinin xarici sularda istismarı nəzərdə tutulur.
Unikal dizaynı ilə seçilən və texniki göstəricilərinə görə geniş imkanlara malik bu gəmi Bakı Gəmiqayırma Zavodunda inşa edilmiş sayca ikinci neftdaşıyan tankerdir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyevə Kəlbəcər rayon ictimaiyyəti, o cümlədən Kəlbəcər ziyalıları və ağsaqalları adından minnətdalığımızı bildiririk.