44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş mayor Mikayılov Azər Əmrah oğlunun və əsgər Həsənli Zərimxan Rafiq oğlunun ildönümü ilə əlaqədar olaraq ailələri ziyarət edilib.
12 oktyabr 2022 | 15:44
44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş mayor Mikayılov Azər Əmrah oğlunun və əsgər Həsənli Zərimxan Rafiq oğlunun ildönümü mərasimində Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi Polkovnik-leytenant Nazim Çələbiyev, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, yaxınları, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub, şəhidlərimizin döyüş yolu barədə söhbət açılıb və şəhidlərimizin qanının yerdə qalmadığı bildirilib. Eyni zamanda qeyd olunub ki, Azərbaycan xalqı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən azad etdi. Üçrəngli bayrağımız Respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.
RİH-nin başçısı şəhid ailələri ilə yaxından maraqlanıb, qayğı və ehtiyaclarını öyrənib, onlara dərin hüznlə başsağlığı verib.
Şəhid Həsənli Zərimxan Rafiq oğlunun atasına Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev tərəfindən "İgidliyə görə"medalı təqdim edilib.
Şəhidin ailə üzvləri onlara göstərilən yüksək ehtiram və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.
Qeyd edək ki, Mikayılov Azər Əmrah oğlu 1 avqust 1980 ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Mikayılovlar ailəsi Goranboy rayonunda yaşamağa başlayıblar. 1997-ci ildə orta təhsilini bitirdikdən sonra 1998-2002-ci illərdə Ali Hərbi Məktəbdə təhsil aldı. 2002-2003-cü illərdə təhsilini Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində davam etdirib leytenant hərbi rütbəsinə layiq görülüb. Daha sonra xidmətini Naxçıvan MR-nın N saylı hərbi hissəsində xidmətini kəşfiyyatçı kimi davam etdirib.2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Füzuli, Lələtəpə istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Azər Mikayılov əməliyyatlarda yaxından iştirak edirdi.O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində yaxından iştirak etmişdir. A.Mikayılov Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş və oktyabr ayının 12-də qəhrəmancasına şəhid olmuşdur. Ailəli idi. 12 oktyabr 2020-ci ildə Yevlax şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra ona Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən "Qarabağ" ordeni, “Vətən uğrunda” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Həsənli Zərimxan Rafiq oğlu isə 07 dekabr 2001-ci ildə Mingəçevir şəhərində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. 2007-ci ildə Tərtər rayon Bəyimsarov kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 2018-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirib.
2020-ci ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
Zərimxan Həsənli 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. O, Ağcabədi rayonunda, sonra isə Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət etmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Zərimxan Həsənli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində artilleriya komandasında iştirak etmişdir. Füzulinin və Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlərdə qumbaraatan olaraq vuruşmuşdur.
11 oktyabr 2020-ci ildə Füzuli-Hadrut istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Subay idi. 12 oktyabr 2020-ci ildə Tərtər rayon Bəyimsarov kəndində dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", "İgidliyə görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.