Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Vətən müharibəsi qazisi Musayev Vahid Azər oğlu ilə görüşüb. Onun səhhəti və müalicəsi ilə maraqlanıb, qazanılmış tarixi zəfər münasibətilə qazini təbrik edib.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev qazanılan tarixi qələbə münasibətilə qazi Musayev Vahidi təbrik edib, ona şəfa diləyib. Rayon rəhbəri qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz həm döyüş meydanında, həm də siyasi arenada qələbə qazandı. Qazanılan qələbədə Ordu ilə birlik nümayiş etdirən Azərbaycan xalqının da payı böyükdür. Ordu ilə birləşən xalq öz tarixini möhtəşəm qələbə ilə şərəfləndirdi, tarixi ədalət bərpa edildi.
Söhbət zamanı qazi keçdiyi döyüş yolundan danışıb, öz təəssüratlarını bölüşüb.
Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu Vahid Musayev Vətən müharibəsinin başladığı ilk gündən cəbhənin ən qaynar nöqtələrində döyüş tapşırıqlarını yerinə yetirib. O, Füzuli, Hadrut və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. O noyabrın 4-də Şuşa uğrunda gedən döyüşlərdə yaralanıb və döyüş meydanını tərk etməkdən imtina edib. Lakin ona bu vəziyyətdə döyüşə bilməyəcəyini bildirib müalicəyə göndəriblər. Evlidir, bir övladı var.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid ailələri, əlil və müharibə iştirakçılarına göstərilən dövlət dəstəyindən danışıb. O, bildirib ki, öz qanı və canı bahasına Vətən torpağının müdafiəsinə qalxanlar, həmçinin onların ailələri daim diqqətdə saxlanılırlar Onlar bundan sonra da dövlətimizin qayğısını hiss edəcəklər.
Qazi Vahid Musayev göstərilən diqqətə görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya özü və ailəsi adından öz minnətdarlıqlarını ifadə edib.
Şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa dilənib.