Prezident cənab İlham Əliyevin doğum günüdür.
Dekabrın 24-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin doğum günüdür.
Ölkə başçısı yeni yaşını Müzəffər Ali Baş Komandan kimi qarşılayır.
Bildiyimiz kimi, bu ilin sentyabrın 27-dən noyabrın 10-dək düşmən təxribatlarına qarşı şanlı ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda “Dəmir yumruq” əməliyyatını həyata keçirib.
İlham Əliyevin məqsədyönlü siyasətinin məntiqi yekunu olaraq, 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin, Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib.
Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçiblər. Torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad olunub.
Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnib, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur edib.
Qeyd edək ki, İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.
Kəlbəcərlilər adından Cənab Ali Baş Komandan İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, daim möhkəm cansağlığı, xoşbəxtlik, xoş əhval-ruhiyyə arzu edirik.