Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevin təbriki.

08 mart 2021 | 16:00


      Əziz şəhid anaları!
      Əziz şəhid yoldaşları!
      Əziz şəhid bacıları!
      Əziz Azərbaycan xanımları!
      8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Sizləri təbrik edir, Sizlərə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti arzulayıram.
     Azərbaycan tarixinin bütün dövrlərində Azərbaycan qadını, yüksək mənəvi-əxlaqi dəyərləri özündə birləşdirib. Keçmişdən bu günümüzədək ailənin, ocağın qoruyucusu kimi yüksək dəyərə malik olub. Qədim köklərə malik milli ailə dəyərlərinin daşıyıcısı olan Azərbaycan qadını həm də cəmiyyətin gələcəyi üçün milli ruhda sağlam nəsil yetişdirən, gələcəyimiz olan uşaqlara ilk ana və vətən sözlərini birgə öyrədən  varlıq olmaqla hər zaman dərin hörmət və ehtirama layiq olub.
     Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 gün müddətində davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu işğal altında olan tarixi torpaqlarımızı azad edərək Zəfər qazandı. Bu zəfərin əldə olunmasında göstərilən qəhrəmanlıq, qorxmazlıq, şücaət və mərdlik  Azərbaycan qadınının hələ beşikdəkən laylalarında vətənə, xalqa sevgi aşıladığını, gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etdiyini, onları xalqa, cəmiyyətə layiqli övlad kimi formalaşdırdığını göstərdi.
     Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğullarımızınn əziz xatirəsini hər zaman dərin ehtiramla yad edir, bütün şəhid analarına və xanımlarına, əsgər analarına,onların  ömür-gün yoldaşlarına bayram təbriklərimi çatdırır, yüksək hörmət və ehtiramımı ifadə edirəm.
   Bu gün ölkəmizdə qadınlarımız ən ali dəyərə malikdirlər.Dövlət idarəçiliyində təmsil olunurlar. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizin milli maraqlarına xidmət edən və tarixi ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələr uğurla icra olunur. Mehriban xanım Əliyevanın haqq-ədalət, humanizm, xeyriyyəçilik və bəşəri prinsiplərə söykənən sərhəd tanımayan çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan qadınları, eləcə də dünya qadınları üçün əsl örnəkdir.
   8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə  bir daha Sizləri təbrik edir, dərin hörmət və ehtiramımı ifadə edirəm.

Keçidlər