Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev rayonun idarə və müəssisələrində çalışan Vətən müharibəsi iştirakçıları ilə görüşüb.

10 mart 2021 | 16:00

         Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçı Azər Qocayev 44 günlük Vətən müharibəsində əldə olunan şanlı qələbə münasibəti ilə Vətən müharibəsi iştirakçılarını təbrik edərək bildirmişdir ki, Müzəffər Ali Baş Komandan, cənab prezident İlham Əliyev uzun müddət ərzində erməni vandalları tərəfindən işğal altında saxlanılan torpaqlarımızı gecə-gündüz yorulmadan, milli maraqlarımızı hər şeydən üstün tutaraq apardığı siyasi mübarizənin nəticəsi olaraq  azad etmişdir. Rəhbər, xalq, ordu birliyinin və bu birlikdən yaranan dəmir yumruğun hesabına  Azərbaycan ordusu 44 gün müddətinə şanlı qələbə tarixi yazaraq öz adını dünyada qalib ordular sırasına yaza bildi.Xalqımız öz rəhbərinin arxasınca birləşib, vahid qüvvə şəklində ordusunun yanında olduğunu və hər zaman əsgərinə, dövlətinə sahib çıxdığını dünyaya nümayiş edirdi.
     Vətən müharibəsində oğullarımız ərazi bütövlüyünün bərpası uğrunda əsil qəhrəmanlıq göstərərək şəhadətə yürümüş və ölümsüzlük qazanmışdır.Kəlbəcər rayon sakinləri də, həm ön cəbhədə həm də, arxa cəbhədə  vətən müharibəsində fəallıq göstərmişdirlər.Vətən müharibəsində onlarla rayon sakini şəhid və qazi olmuşdur.
        Görüşdə bildirilmişdir ki, dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyev daima şəhid ailələrinə və qazilərə  xüsusi diqqət və qayğı ilə yanaşmışdır.Dövlətimizin başçısının tövsiyyə və tapşırıqlarına uyğun olaraq Kəlbəcər Rayon İcra Hakimiyyətidə daima şəhid ailələri və qaziləri diqqətdə saxlayaraq, onları ziyarət etmiş, onları narahat edən məsələlərin səlahiyyətləri daxilində həllinə çalışmışdır. Hal-hazırda Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Göygöl rayon Murovdağ qəsəbəsində daxili imkanlar hesabına  inşa edilən abidə kompleksidə şəhidlərimizin əziz xatirəsinə olan ehtiramın bariz nümunəsidir.
      Daha sonra rayon rəhbəri bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında imzaladığı 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən Kəlbəcər  Rayon İcra Hakimiyyətində “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılıb və bu şöbəyə  Vətən Müharibəsinin iştirakçısı  Oruczadə Tural Nazim oğlu təyin olunub.Yeni yaranmış şöbə şəhid ailələri, qazilərlə və Vətən müharibəsi iştirakçıları ilə işini daha sıx quracaq və onları narahat edən məsələlərin həllinə çalışılacaqdır. Vətən Müharibəsinin iştirakçılarına göstərilən dövlət qayğısı haqqında ətraflı məlumat verən rayon rəhbəri həmişə onların yanında olduğunu diqqətə çatdırmışdır.
      Görüşdə iştirak edən müharibə iştirakçıları şanlı Azərbaycan Ordusu sıralarında keçdikləri döyüş yolundan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharətindən, qətiyyətindən, iradəsindən və əzmindən iftixarla danışmışlar. Vətən Müharibəsində xidmətlərinə görə möhtərəm Prezidentimizin müvafiq sərəncamları ilə müxtəlif medallarla təltif olunduqlarını bildirən döyüşçülər Ordu sıralarında qulluq etməkdən şərəf duyduqlarını, lazım olan anda Vətənin müdafiəsinə  hər zaman hazır olduqlarını bildiriblər.
        Tədbirin sonunda görüş iştirakçıları Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev tərəfindən  Vətən müharibəsində göstərdikləri fədakarlığa görə fəxri fərman təltif edilmişdir.

Keçidlər