Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaban faciəsindən 29 il ötür.

08 aprel 2021 | 16:00

     Kəlbəcərin işğalından bir il öncə erməni silahlı birləşmələri tərəfindən törədilmiş Ağdaban faciəsi Ermənistanın Azərbaycana təcavüzünün ən qanlı səhifələrindən biridir.
    Ağdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban çayının sağ sahilində, Ağdaban dağının yamacında, Murovdağ silsiləsinin cənub ətəyində, rayon mərkəzindən 36 km şimal-şərqdə yerləşir.
    1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı birləşmələri Dağlıq Qarabağdakı separatçı erməni quldur dəstələrinin köməyilə Ağdaban və Çayqovuşan kəndlərinə hücum etdilər. Hücumdan xəbərsiz olan kənd əhalisi başıaçıq-ayaqyalın qarla örtülü meşələrə, dağlara dağıldı. Kəndləri müdafiə edən kiçik dəstə ermənilər tərəfindən məhv edildiyindən əhali müdafiəsiz qalmışdı. Erməni daşnakları Ağdaban kəndinə soxularaq 130-dan çox evi tamamilə yandırdılar, 779 nəfər dinc sakinə divan tutdular. Onlar yaşlı, qoca, qadın, uşaq demədən dünyada görülməmiş ən qəddar üsullarla dinc əhalini qətlə yetirərək soyqırım aktı törətdilər.
    Bu faciə zamanı 33 nəfər amansızcasına qətlə yetirilmiş, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılmışdır. Həmçinin, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmiş, 5 nəfər isə girov götürülmüşdür.
     Dədə Şəmşirin nəslindən olan 15 nəfər sakin də bu faciənin qurbanı olmuşdur. Erməni cəlladları Dədə Şəmşirin 28 yaşlı nəvəsi Qurbanov Qulu Şabər oğlunu diri-diri tonqalda yandırmış, 8 yaşlı Ülviyyənin gözləri qarşısında atası Camalı güllələmiş, özünü isə kartof quyusunda diri-diri basdırmışlar.
     Ağdaban faciəsinə görə cəzalandırılmayan erməni separatçıları bütövlükdə Kəlbəcərin işğalı üçün planlar hazırlayırdılar.
     Faciənin ağır müsibətlərini yaşamış, evləri viran qoyulmuş ağdabanlılar doğma kəndlərini tərk etmədilər. Ağdaban camaatı kəndi yenidən bərpa edib yaşamağa başladılar. Lakin 1993-cü il mart ayının 27-də erməni separatçıları Kəlbəcər rayonuna hücum edən zaman işğalı yenidən Ağdaban kəndindən başladılar. Erməni silahlıları yenidən kəndə hücum edərək onu viran qoydular. Beləliklə də, onlar Ağdaban kəndində ikinci faciəni törətdilər. Ağdabanın ikinci dəfə işğalı Kəlbəcərin tamamilə Ermənistan tərəfindən zəbt olunması demək idi. Bundan sonra Kəlbəcər hər tərəfdən mühasirəyə alınaraq 1993-cü il aprel ayının 2-dək erməni silahlı birləşmələri tərəfindən tamamilə işğal edildi.  Ermənilər Ağdabanı təkcə strateji məkan olduğu üçün deyil, əslində Kəlbəcər ədəbi mühitinin beşiyi kimi də çoxdan hədəfə admışdılar. Onlar Ağdabanda yalnız soyqırım törətmədilər. Erməni quldurları tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdıldı, müqəddəs ziyəratgah və məzarlıqlar təhqir olunaraq məhv edildi.
     Bu kəndin yetirdiyi Ağdabanlı Qurban böyük sərkərdə Şah İsmayıl Xətainin silahdaşı olan Miskin Abdal ocağının nəsli davamçısı idi. Bu ocaq mənəviyyatımızın beşiyi kimi erməniləri olduqca ciddi narahat edirdi. Məhz ona görə də onlar Azərbaycan ədəbiyyatına misilsiz töhfələr vermiş, xalqımızın əvəzsiz mənəvi xəzinəsi olan Ağdabanlı şair Qurbanın və onun oğlu klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmalarını yandıraraq bu nəhəng söz sərraflarının bədii irsini, bütün külliyatını məhv etdilər.
     Ağdaban faciəsi törədilmə spesifikasına və xarakterinə görə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 9 dekabr 1948-ci il tarixdə qəbul olunmuş “Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında" Konvensiyanın müddəalarına tam uyğundur. Ona görə də bu faciə beynəlxalq hüquq əsasında soyqırım cinayəti aktı kimi qiymətləndirilməli və Ağdaban kəndinin dinc əhalisinə qarşı törədilən bu qırğın soyqırım cinayəti kimi dünya ictimaiyyəti tərəfindən tanınmalıdır.
     Bu gün Ağdaban faciəsində əziyyət çəkmiş vətəndaşlarımız bu faciənin ağrı-acısını yaşasalar belə indi şaddırlar.Çünki onların və faciə qurbanlarının qisası alınıb.Uğrunda canlarını verdikləri Ağdaban kəndi, Kəlbəcər və digər işğal altında olan ərazilərimiz Müzəffər Ali Baş Komandan, Məğrur Sərkərdə cənab İlham Əliyevin xalqının iradəsi, əsgərinin gücü ilə yoğurduğu dəmir yumruq hesabına azad edilmişdir.Bizlər yenidən Dövlət başçımızın rəhbərliyi altında öz doğma yurd-yuvamıza qayıdaraq erməni zülmünə məruz qalmış torpaqlarımızı cənnətə çevirəcəyik.

Keçidlər