Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 21 il keçir.
Kəlbəcər rayonunun ermənilər tərəfindən işğalının 21-ci ildönümü ilə bağlı tədbir keçirilib. İlk öncə Vətən uğrunda şəhid olan və ermənilər tərəfindən qətlə yetirilənlərin ruhları bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov Kəlbəcərin işğalı tarixindən danışaraq bildirib ki, işğal nəticəsində rayonun 129 kəndi, 2 qəsəbəsi tamamilə dağıdılıb. Kəlbəcərin işğalı, yeraltı və yerüstü sərvətlərin talan edilməsi nəticəsində Azərbaycana 31 milyard dollardan çox ziyan dəyib.
Hazırda 72 min kəlbəcərlinin respublikanın 55 rayon və şəhərində məskunlaşdığını deyən icra başçısı dövlət tərəfindən Kəlbəcərdən olan məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışıb.
A.Məmmədov Kəlbəcər rayonunun işğalının 21-ci ildönümü ilə bağlı işıq üzrü görmüş “Kəlbəcər: Ermənistanın işğal etdiyi cənnətimiz” kitabı haqqında da məlumat verib.
Qeyd edək ki, kitabda Kəlbəcərin tarixi, təbiəti, rayonda bitən 4 mindən çox bitki növü, “İstisu” və digər mineral su mənbələri, qızıl, mis, dəmir filizi yataqları barədə məlumat verilir.
Daha sonra Kəlbəcər rayonundan bəhs edən “Kəlbəcər: Təbiətin möcüsəsi” filmi nümayiş etdirilib.
Tədbirdə çıxış edən baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, ağlaşma qurmaq dövrü arxada qalıb. Artıq torpaqlarımızı işğaldan azad etməyə hazırlaşmalıyıq.
Ermənilərin siyasətinin bütün türkdilli dövlətlərə qarşı yönəldiyini deyən baş nazirin müavini, belə olan halda yalnız Azərbaycanla Türkiyənin ermənilərə qarşı mübarizə aparmasının başa düşülən olmadığını bildirməklə yanaşı bəzi türk dövlətlərinin başçılarının İrəvanda “soyqırımı” abidəsini ziyarət etməsini qınayıb.
Ermənilərin İkinci Dünya Müharibəsində faşistlərə xidmət etməsi barədə sənədlərin bu gün Rusiya arxivlərində saxlandığını diqqətə çatdıran Ə.Həsənov bildirib ki, Rusiya dövlətinin bunu görməməzliyə vurması anlaşılmazdır.
“Ermənilər İkinci Dünya Müharibəsində alman faşistlərinə kömək etməklə sovet hökumətinə xəyanət ediblər. Bununla bağlı Rusiyanın arxivlərində kifayət qədər faktlar var. Bu gün ermənilər məqsədli şəkildə Rusiyada bir çox yüksək vəzifələrə yerləşdirilib. Rusiya dövləti buna diqqət yetirməlidir. Çünki, İkinci Dünya Müharibəsində olduğu kimi bir gün Rusiyada da erməni separatizmi baş qaldıra və Rusiyaya xəyanət edə bilərlər” - deyə, baş nazirin müavini bildirib.
Qərb dövlətlərinin Qarabağ münaqişəsinin həllində tutduqları ədalətsiz mövqeyi kəskin tənqid edən Ə.Həsənov bildirib ki, prezident İlham Əliyevin xalq, dövlət üçün gördüyü böyük işlərə Qərb dövlətlərinin rəhbərləri qısqanclıqla yanaşırlar:
“Bizim problemi yaradan, ona səbəb olan bilməlidir ki, bir gün onun da qapısı bu problemlə döyüləcək. Avropa da bilməlidir ki, səkkiz, on başlı oyun oynamaq olmaz. Hər gün eşidirik ki, Suriyada, digər ölkələrdə minlərlə insan ölür. Qərb dövlətləri və təşkilarları niyə buna reaksiya vermirlər? Torpaqlarımız işğal olunanda niyə səslərini qaldırmadılar?” - deyə, baş nazirin müavini qeyd edib.
Torpaqlarımızın gec-tez işğaldan azad ediləcəyini vurğulayan Ə.Həsənov bildirib ki, ötən 20 il göstərir ki, kimdənsə kömək gözləmək nəticəsizdir.
“Ona görə də biz yalnız, özümüzə, xalqımıza, prezidentimizə güvənməliyik. Prezident İlham Əliyev ordunu, iqtisadiyyatı gücləndirmək yolunu seçib. Ordumuz gücləndikcə düşmən başa düşməlidir ki, Azərbaycan öz torpaqlarını azad etməyə başlasa nəinki son dövrlərdə işğal edilmiş torpaqlarını, hətta Zəngəzuru, Göyçəni, İrəvanı da azad edə bilər” - deyə, baş nazirin müavini vurğulayıb.
.