27 Sentyabr-Anım Günü ölkəmizin hər yerində olduğu kimi Kəlbəcər rayonunda da dərin hüzn və kədər hissi ilə qeyd olunmuşdur.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla hərbi cinayətlər törətmişdir. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 3000 nəfərədək hərbi qulluqçusu həlak olmuş, onlarla hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.
Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.
27 Sentyabr-Anım Günü ölkəmizin hər yerində olduğu kimi Kəlbəcər rayonunda da dərin hüzn və kədər hissi ilə qeyd olunmuşdur. Anım mərasimində Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev başda olmaqla, anım mərasimi iştirakçıları tərəfindən əvvəlcə Göygöl rayon Şəhidlər Xiyabanını, daha sonra Göygöl rayon Murovdağ qəsəbəsində yerləşən Murovdağ Şəhidlər Xiyabanını və Gəncə şəhəri 1500 ailəlik qəsəbədə yerləşən Kəlbəcər şəhidlərinin abidə kompleksi ziyarət edilərək, abidə önünə əklil qoyulmuş, tər çiçəklər düzülmüş, şəhidlərimizin ruhuna dualar oxunmuşdur. Daha sonra saat 12:00 da şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələri və qazilərlə görüşərək, onların qayğı və problemləri ilə maraqlanmışdır.
Sonda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə və Göygöl rayon Murovdağ qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında ağacəkmə aksiyası keçirilmişdir.
Xalqımız hər zaman 27 Sentyabr- Anım Gününü böyük ehtiram və hörmətlə yad edəcək, öz canı-qanı bahasına şanlı zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşadacaqdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!