Şriftin ölçüsü :

Saytın rəngi :

Oktyabrın 24-də Tərtər rayon Bəyimsarov kəndində Vətən Müharibəsi Qəhrəmanı Əliyev Anar Vaqif oğlunun anım günü qeyd olunub.

24 oktyabr 2021 | 16:00

Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Kəlbəcər və Tərtər rayonlarının hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri, qazilər iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının ruhuna dualar oxunub.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev mərasimdə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və Zəfərlə başa çatan, Vətən Müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının qayğılarını daim diqqət mərkəzində saxlayır. Bununla yanaşı şəhidlərimizin, igid döyüşçülərimizin döyüş yolu öyrənilir və onlar göstərdikləri şücaətlərə görə qiymətləndirilir, təltif olunurlar.Vətən Müharibəsində respublikamızın bütün bölgələrində olduğu kimi Kəlbəcər rayonundan da yüzlərlə gənc ordu sıralarına könüllü qoşuldu, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşdular.Belə cəsur döyüşçülərimizdən biri də Vətən Müharibəsi Qəhrəmanı, Azərbaycan Ordusunun polkovnik-leytenantı Əliyev Anar Vaqif oğludur. Bütün Kəlbəcərlilər adından şəhid Əliyev Anar Vaqif oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, şəhidimizə Allahdan rəhmət diləyirik.
Daha sonra çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Kəlbəcər rayonundan olan lakin Tərtər rayon qeydiyyatında olan şəhid Əliyev Anara Allahdan rəhmət, ailəsinə səbir diləyib.Şəhidin keçdiyi şərəfli döyüş yolundan söz açıb. Müstəqim Məmmədov bildirib ki, qalib Azərbaycan xalqı şəhidlərimizin xatirəsini hər zaman əziz və uca tutacaqdır. Anar Əliyev kimi qəhrəman oğullarımızın şanlı döyüş yolu hər zaman gənc nəsilə aşılanacaqdır.
Tədbirdə iştirak edən, Şəhid valideyinləri adından və öz adından  Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyev çıxış edərək, onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını və buna görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı Əliyev Anar Vaqif oğlu 1980-cı il avqustun 28-də Kəlbəcər rayonunun Boyaqlı kəndində anadan olub. Oktyabrın 21-də Xocavəndin Tuğ kəndində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Oktyabır ayının 25-də II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Şəhid Əliyev Anar 44 günlük Vətən müharibəsində Zəngilanın, Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı , "Vətən uğrunda" medalı, "Şuşanın azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
Allah şəhidlərimizə rəhmət eləsin!

Keçidlər