Kəlbəcər rayonunun işğaldan azad olunmasından 1 il ötür.
İkinci Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı Qələbəsinin nəticəsi olaraq Ermənistanın kapitulyasiyasına əsasən, Kəlbəcər rayonu ordumuzun nəzarətinə keçdi. 44 günlük müharibədə işğalçının güc yolu ilə cəzalandırılmasının ardından Ali Baş Komandan İlham Əliyev siyasi-diplomatik yolla Ermənistanı zəbt etdiyi ərazilərimizi boşaltmağa məcbur etdi. Tarix çox dövlətlər arasında müharibələrə şahidlik edib. Və hər bir müharibənin nəticəsi sübut edir ki, öz haqqı uğrunda mübarizə aparan tərəf mütləq qalib gəlir. Lakin bugünkü beynəlxalq münasibətlər sistemi daha çox güc amilinə əsaslandığından, ayrı-ayrı dövlətlərin konyunktur və istilaçı maraqlarına xidmət etdiyindən bir çox hallarda bəzi ölkələrin və xalqların haqq səsi elə yerindəcə boğulur. Öz milli haqqı olan ərazi bütövlüyü uğrunda 30 ilə yaxın idi ki, mübarizə aparan Azərbaycan da danışıqlar prosesində işğalçı Ermənistanın maraqlarına cavab verən bir mövqe ilə üz-üzə qalmışdı. Beynəlxalq hüquq Azərbaycanın tərəfində olsa da, ayrı-ayrı təşkilatların ölkəmizin mövqeyini müdafiə edən müvafiq sənədləri, o cümlədən BMT-nin qətnamələri olsa da, Ermənistanın himayə olunması və işğal siyasətinə göz yumulması reallıq idi. Lakin 1994-cü ilin atəşkəsindən ötən dövrün təhlili göstərdi ki, Azərbaycan heç vaxt bu reallıqla barışmadı, bir gün də olsun ruhdan düşmədi və bütün diplomatik müstəvilərdə ərazi bütövlüyünün təmin olunması istiqamətində fəal iş apardı. İndiyədək bu fəaliyyətin nəticəsi olaraq bütün beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən sənədlər əslində Azərbaycanın Ermənistana qarşı hərbi əməliyyatları daha inamla və daha dərindən əsaslandırılmış formada həyata keçirməsi və işğalçı ölkəni təslimçi sülhə məcbur etməsi üçün böyük hüquqi baza formalaşdırdı. Azərbaycanın tərəfdar çıxdığı mühüm ikitərəfli və çoxtərəfli sənədlərə respublikamızın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının dəstəklənməsi ilə müddəalar daxil edilməsi mühüm diplomatik uğurlarımız sırasında yer aldı. Kapitulyasiya edilən Ermənistan İlham Əliyevin şərtlərini qəbul edərək əvvəlcə Kəlbəcərin noyabrın 15-dək boşaldılacağı barədə öhdəlik götürmüşdü. Lakin sonradan Ermənistan möhlət istədi. Azərbaycan humanistlik edərək müddətin 10 gün uzadılmasına razılıq verdi. Amma biz bunun əvəzində bir daha çirkin erməni xislətinin təzahürünü gördük. Qanunsuz məskunlaşdırmadan sonra bizim evlərimizdə yaşayan və bu günlərdə rayonumuzu tərk edən ermənilər hansı vandal hisslərin daşıyıcıları olduqlarını bütün dünyaya göstərdilər: evlərimizə od vurdular, təbiətimizə qənim kəsildilər. Keçən il noyabrın 25-də xalqımıza müraicət edərək Kəlbəcərin azad olunması münasibətilə həmvətənlərimizi təbrik edən Prezident İlham Əliyev bu məsələyə də toxunaraq dedi: "Görün, son günlər ərzində onlar hansı çirkin işlərlə məşğuldur, meşələri yandırırlar ki, ekoloji faciə, fəlakət yaratsınlar. Bu oğrular meşələri qırırlar, aparırlar ki, Ermənistanda satsınlar. Evləri yandırırlar, hansı ki, o evləri onlar tikməyiblər. Onlar kəlbəcərlilərin evlərinə giriblər, soxulublar, orada yaşayıblar. Məktəbləri yandırırlar, apara bilmədikləri ev heyvanlarını öldürürlər. Görün, biz kimlərlə, hansı vəhşilərlə üz-üzə idik!” Məlumat üçün qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal edilmişdi. Həmin dövrdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsiz və xəyanətkar siyasəti rayonun işğalına şərait yaradıb. 2020-ci il noyabrın 25-də Kəlbəcəri tərk edən erməni əhalisi 1993-cü ildə rayonun işğalından sonra orada qeyri-qanuni məskunlaşıb. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən işğalçı Ermənistan Kəlbəcər ərazisində ermənilərin fəal məskunlaşdırılmasına başlayıb. Qeyri-qanuni yaşadıqları əraziləri - Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürüblər. Azərbaycan Ordusu onlara ərazini tərk etmək üçün bütün şəraiti yaradıb. Buna baxmayaraq, Kəlbəcər həm də XXI əsrdə erməni vandalizminin əyani nümunəsinə çevrilib. Ermənilər buranı tərk edərkən evləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər.Təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalisindən fərqli olaraq, 1993-cü ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub, dağ yolları ilə, ayaqyalın, piyada şəkildə erməni təcavüzkarlarından qaçıb xilas olub. Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib. Nəticədə Kəlbəcərdə 500-dən artıq dinc sakin həlak olub, yüzlərlə insan girov və ya itkin düşüb. Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı Ermənistan ordusu tərəfindən qarət olunub. Bu gün baş verənlər həm də Azərbaycan və Ermənistan arasındakı fərqi anlamaq üçün mühümdür. Ümumiyyətlə, diplomatik müstəvidə Azərbaycana uduzan Ermənistan və dünya erməniliyi 44 günlük müharibədə ölkəmizə qarşı güclü informasiya savaşına start vermişdi. Lakin Azərbaycan informasiya müharibəsindən də qələbə ilə çıxdı. 44 günlük müharibə dövründə Prezident İlham Əliyevin dünyanın 30-a yaxın aparıcı media orqanına verdiyi müsahibələr beynəlxalq informasiya məkanında ölkəmizin mövqeyini gücləndirdi, erməni yalanlarının ifşa edilməsində önəmli rol oynadı, münaqişə ilə bağlı həqiqəti əks etdirən mənzərə dünya ictimaiyyətinə çatdırıldı. Beləliklə, keçən il noyabrın 25-də Kəlbəcərin azad edilməsi BMT TŞ-nin 822 saylı qətnaməsinin tələblərinin yerinə yetirilməsi və Azərbaycan Ordusunun qələbəsinin və Prezident İlham Əliyevin şərtlərinin diktə etdiyi siyasi fəaliyyətin nəticəsidir.