Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Vətən müharibəsində şəhid olan Məhəmmədli İsmayıl Mahir oğlunun il mərasimində iştirak edərək məzarını və ailə üzvlərini ziyarət edib.
Şəhid il mərasimində Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH-in məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin doğmaları, qazilər və rayon ictimaiyyəti iştirakı edib. Əvvəlcə Vətən müharibəsi şəhidi Məhəmmədli İsmayıl Mahir oğlunun Göygöl rayon Şəhidlər xiyabanında məzarı ziyarət edilərək məzarı önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, daha sonra rayon rəhbərliyi və rayon ictimaiyyəti il mərasiminə qatılaraq şəhidin ailə üzvləri ilə görüşüb.
Kəlbəcər RİH başçısı Azər Qocayev dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərimizə olan diqqət və qayğısından söz açaraq ailənin qayğıları ilə maraqlanıb, 44 günlük şərəfli zəfər tarixmizə nəzər salaraq şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edib. Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Azərbaycan Ordusunun giziri Məhəmmədli İsmayıl Mahir oğlu 1996-cı il yanvarın 1-də Kəlbəcər rayon Nadirxanlı kəndində anadan olub. Məhəmmədli İsmayıl sentyabrın 27-də Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Uzun müddət sonra dekabrın 14–də nəşi tapılıb və Göygöl rayon Şəhidlər xiyabında dəfn olunub. Şəhid Məhəmmədli İsmayıl 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və “Kəlbəcərin azad olunmasına görə”medalları ilə təltif olunub. Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.