Kəlbəcər rayon Mədəniyyət sarayında” Zəfər müjdəli Dədə Şəmşir saz-söz bayramı” adlı tədbir keçirilmişdir.
Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Azərbaycan Aşıqlar Birliyinin sədri, əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, hüquq- mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri,ustad aşıqlar və rayon sakinləri iştirak ediblər. Tədbirdə əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad olunub.Daha sonra qeyd olunub ki, XX əsr Azərbayca aşıq sənətinin görkəmli saz-söz ustadı Dədə Şəmşirin ozan aşıq mədəniyyətinin inkişafındakı əvəzsiz rolu çağdaş aşıqlığın irəlləməsində yenə də müstəsna tarixi rola malikdir. Yeni nəsil gənc və yeniyetmə ifaçılarının formalaşmasında onun qoyub getdiyi sənət mirası güclü enerji mənbəyidir. Bu səbəbdən yeniyetmə aşıqların sənət uğurlarını və axtarışlarını ortaya çıxarmaq məqsədi ilə indiyə qədər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı dəfələrlə aşıq müsabiqəsi keçirmiş, istedadlı saz-söz ifaçılarının sənət aləminə gəlməsinə mənəvi dəstək göstərmişlər.Bu il keçirilən Aşıq Şəmşir adına saz-söz müsabiqəsi həmin uğurun davamıdır.Gəncə şəhərində 17 mart 2022-ci ildə keçirilən bu müsabiqə artıq Dədə Şəmşir Yurdunun- Kəlbəcər torpağının azadlığa qovuşması amalında Zəfər ovqatı ilə keçirilir.
Daha sonra Azərbaycanın müxtəlif bölgələrindən müsabiqəyə qatılan yeniyetmə saz-söz ifaçıları, vətənpərvərlik, qəhramanlıq, milli dövlətçilik, azərbaycançılıq ruhunu təmsil edən mahnılarla böyük saz-söz ustadlarının, o cümlədən də Dədə Şəmşirin müqəddəs ruhu qarşısında öz sənət hesabatlarını verdilər.Müsabiqənin qaliblərinə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctami Birliyi tərəfindən diplom və mükafatlar təqdim olunub.
Tədbirdə iştirak edənlər saz-söz bayramına, eləcədə aşıqlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz təşəkkürlərini bildirdilər.