Ağdaban soyqırımı qurbanları anıldı.
Yeni Azərbaycan Partiyasının (YAP) Kəlbəcər Rayon Təşkilatı və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə 7 aprel 2022-ci il tarixində Bakı şəhərində, Nizami kino mərkəzində Ağdaban soyqrımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Ağdaban soyqrımında canlarını qurban vermiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra Ağdaban soyqrımına həsr olunmuş video-çarx nümayiş etdirilib.
Millət vəkili Musa Quliyev çıxışında erməni daşnaqları tərəfindən xalqımıza qarşı törədilmiş faciələrdən söz açıb:
“Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Dünya tarixində özünəməxsus rol oynamış xalqımızın tarixi yenidən yazılaraq beynəlxalq ictimaiyyətə təqdim edilir”.
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri, “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanov isə bildirib ki, Ağdaban soyqırımı bundan sonra da unudulmamalıdır:
“Mən gözümü Ağdabanda - Dədə Şəmşir yurdunda açmışam. Ermənilər yurdumuzu, Dədə Şəmşir əlyazmalarını talan etdilər. Mənfur düşmən Kəlbəcəri talaya biləcəyini yoxlamaq üçün Ağdabanda vəhşiliklər törətdi. Bu gün artıq qalib xalqıq, qalib ölkəyik. Bir kəlbəcərli olaraq mən də qürur duyuram ki, doğma yurdumuzu gördük. Atamı vəfat etməmişdən öncə o torpaqlara apara bildiyim üçün xoşbəxtəm”.
Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyev söyləyib ki, Ağdaban sakinlərinin qisasının alınmasında, torpaqların azad olunmasında oğlunun iştirak etməsindən qürur duyur:
“Mən oğlumu uşaqlıqdan vətənpərvərlik hissi ilə, milli ruhda böyütmüşəm. Oğlum hərbini seçəndə inanırdım ki, o qəhrəmanlıq göstərəcək. Anar həmişə yurd qisası ilə yaşayırdı və qisasını aldı. Şəhid və qazi ailələri adından bizlərə göstərilən qayğı və diqqətə görə cənab Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya təşəkkür edirəm”.
Daha sonra Xüsusi Təyinatlı Qüvvələrin mayoru, Şuşaya ilk daxil olan üç tabordan birinin komandiri Saleh Həsənov çıxış edib. O bildirib ki, bu gün şəhidlərimizin illərlə nigaran qalan ruhu artıq şaddır:
“Xocalı cəlladları ilə yanaşı Ağdaban qatillərinin də cəzası döyüş meydanında verildi. 44 günlük Vətən Müharibəsində düşmənə verdiyimiz dərs onları rəzil vəziyyətə qoydu”.
Qeyd edək ki, ermənilərin Kəlbəcər rayonunun Ağdaban kəndində soyqırım törətməsindən 30 il keçir.