Kəlbəcər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ramazan bayramı ərəfəsində şəhid ailələri və qazilərlə görüş keçirildi.
Tədbirdə əvvəlcə dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.
Görüşdə Kəlbəcər rayon Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, RİH-in məsul əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələri, qazilər iştirak ediblər.
Tədbirdə bildirilib ki, İslam dininin humanist dəyərlərini özündə yaşadan və insanları birliyə, bərabərliyə, paylaşmağa səsləyən Ramazan ayı xaqımızın mənəvi dünyasında xüsusi yer tutur. İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu bu ay bəşər övladına dözümü, mərhəməti, xeyirxahlığı təbliğ edir.
Eyni zamanda çıxış edən natiqlər qeyd ediblər ki, bu il mübarək Ramazan ayı xalqımız tərəfindən daha böyük fərəh hissi və könül xoşluğu ilə yola salınır. Torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən Vətən müharibəsindən və orucluğun sınaqlarından alnıaçıq çıxan vətəndaşlarımız məmnuniyyətlə bayram sevincini bölüşür, dövlətimizin rifahı və tərəqqisi üçün diləklər edilir, şəhidlərimizin ölməz ruhuna dualar oxunur. Torpaqlarımızın işğaldan azad olunması, 44 günlük Vətən müharibəsinin şanlı qələbəmizlə başa çatması məhz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əvəzolunmaz xidmətlərinin nəticəsidir. Müasir Azərbaycanın hərtərəfli inkişaf etdirilməsi sahəsində Prezident cənab İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü işlər ölkəmizin bütün maneələrdən uğurla keçməsini təmin edərək böyük inkişafa nail olmağa tam şərait yaratmışdır. Bütün bunlar cənab Prezidentimizin düşünülmüş siyasətinin və vaxtında atdığı uğurlu addımların real nəticəsidir ki, bu gün biz qalib ölkəyik.
Şəhid ailələri vurğulayıblar ki, torpaqlarımızı erməni işğalçılarından azad edərək Qələbə sevincini bizlərə yaşatdığına, övladlarının qisasını artıqlaması ilə aldığına, onlara göstərdiyi xüsusi diqqət və qayğıya görə möhtərəm Prezidentimiz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə kəlbəcərli şəhid ailələri adından dərin minnətdarlıqlarını və təşəkkürlərini bildirirlər.