8 noyabr Zəfər günü ərəfəsində şəhid Mustafayev Elnur Nəcəf oğlunun ailəsi ziyarət edilib.
29 oktyabr 2025 | 12:06
Ziyarətdə Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehtiyev,inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, şəhidin yaxınları iştirak edib. Tariximizin şanlı səhifəsi olan Zəfər tariximizə nəzər salınıb, Elnur kimi vətənini canından artıq sevən oğullarımızın keçdiyi şərəfli döyüş yolundan bəhs edilib. Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan tərəfindən, eləcədə xalqımız və dövlətimiz tərəfindən şəhid ailələrinə yüksək həssaslıqla yanaşılır, şəhidlərimizin əziz xatirəsi uca tutulur.
Qeyd edək ki, şəhid Mustafayev Elnur Nəcəf oğlu 09 fevral 2002-ci ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə Bakı şəhər 135 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2019-cu ildə orta məktəbi bitirib. 2020-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
Elnur 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Əvvəlcə, Sumqayıt rayonunda, sonra isə Qusar rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət etmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Elnur Mustafayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində müxtəlif istiqamətlərdə, o cümlədən də Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı, Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edir. 30 oktyabr 2020-ci ildə Xocavənd rayonunda yerləşən Qırmızı Bazar istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Subay idi. 31 oktyabr 2020-ci ildə Bakı şəhər, Binəqədi rayon, Sulutəpə qəsəbəsində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, övladlarının xatirəsinini həmişə əziz tutduqlarına, onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






