8 noyabr Zəfər günü ərəfəsində Şəhid Tağıyev Eşqin Asif oğlunun məzarı ziyarət edilib.
04 noyabr 2025 | 12:27
Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tural Oruczadə, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və müharibə iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər.
Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq, xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı aparatı Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tural Oruczadə və digərləri çıxış etmişlər. Çıxışlarda Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qazandığı tarixi Zəfərdən, şəhidimizin keçdiyi şərəfli döyüş yolundan, göstərdiyi qəhrəmanlıq və fədakarlıq nümunələrindən bəhs olunmuşdur. Natiqlər qeyd etmişlər ki, dövlətimiz tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğı Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamı, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanist və qayğıkeş münasibətinin bariz nümunəsidir.
Tədbirdə şəhidin ailə üzvləri də çıxış edərək, onlara göstərilən daimi diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə etmişlər. Vətən müharibəsi şəhidi əslən Kəlbəcər rayonundan olan Şəhid Tağıyev Eşqin Asif oğlu 1998-ci il martın 18-də Göygöl rayonunun Üçtəpə kəndində dünyaya göz açıb. Kəlbəcər rayon 115 saylı tam orta məktəbi bitirən qəhrəmanımız Azərbaycan ordusunda XTQ-nin giziri olub.Eşqin Tağıyev Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. 2020-ci il, oktyabrın 30-da Şuşa şəhərinin azad olunması uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə yüksəlib.Vətənin cəsur oğlu Eşqin Tağıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Hərbi xidmətlərə görə", "Kəlbəcərin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib. Allah şəhidlərimizə rəhmət eləsin.






