8 noyabr Zəfər günü ərəfəsində Vətən müharibəsi şəhidi tibb xidməti polkovnik-leytenantı Abdullayev Rasim Yaqub oğlunun ailəsi ziyarət edilib.
21 oktyabr 2025 | 15:01
Ziyarətdə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Eldəniz Mehtiyev ,şəhidin yaxınları iştirak edib. Tariximizin şanlı səhifəsi olan Vətən Müharibəsindən, Şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edilib. Onların, o cümlədən şəhid Rasim Abdullayevin əziz xatirəsini dövlətimiz və xalqımızın uca tutduğunu, daima ehtiramla anılacağını bildirib. Onların misilsiz xidmətləri sayəsində ərazi bütövlüyümüz bərpa olunmuş, şanlı üç rəngli bayrağımız bütöv Azərbaycanın səmasında dalğalanır.
Qeyd edək ki, Abdullayev Rasim Yaqub oğlu 21 fevral 1975-ci ildə Kəlbəcər rayonunda anadan olub. 2000-ci ildə könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin tibb xidmətində hərbi tibb qulluqçusu olaraq vəzifəsinə başlamışdır.
İlk xidməti 2000-ci ildə Əhmədbəyli hospitalında olmuşdur. 2010-cu ildə Müdafiə nazirinin müvafiq əmrinə əsasən "Qüsursuz xidmətə görə 3-cü dərəcəli" medalı və 2015-ci ildə isə "Qüsursuz xidmətə görə 2-ci dərəcəli" medalı ilə təltif edilmişdir. 2015-ci ildən 2016-cı ilin sonunadək Gəncədə yerləşən hərbi poliklinikada rəis vəzifəsində çalışmışdır.
2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər zamanı qızğın nöqtələrdə yaralı zabitlərə yerindəcə tibbi yardım göstərmişdir. Bu xidmətlərdən sonra 2016-cı ilin sonları, 2017-ci ilin əvvəlləri onun iş yeri dəyişdirilmiş və Rasim Abdullayev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində tibb xidməti rəisi vəzifəsinə təyin olunmuşdur. 2020-ci ilin əvvəllərinə qədər bu vəzifəni yerinə yetirən Rasim Abdullayev son vəzifəsinə — Silahlı Qüvvələrin "N" saylı hərbi hissəsində tibb bölüyünün komandiri vəzifəsinə təyin olunmuş və Vətən müharibəsi başlayana qədər bu vəzifəni yerinə yetirmişdir.
2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur. Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdir. Qarabağ münaqişəsi tarixinə münaqişəyə son qoyan Vətən müharibəsi kimi yazılan bu hərbi əməliyyatları zamanı polkovnik-leytenant Rasim Abdullayev "N" saylı hərbi hissənin tibb bölüyünün komandiri idi. O, Hadrut istiqamətində gedən döyüşlərin ən qızğın nöqtələrində qalmış yaralılara yerindəcə tibbi yardım göstərmiş və şəhid olduğu günə, yəni Vətən müharibəsinin son gününə qədər 100-dən çox yaralıya döyüş meydanındaca tibbi yardım göstərmişdi. Rasim Abdullayevə 10 noyabr 2020-ci ildə müharibənin son dəqiqələri, üçtərəfli bəyanat imzalanandan bir müddət əvvəl Şuşa istiqamətində qalmış yaralıların çıxarılması ilə bağlı Komandanlıq tərəfindən tapşırıq gəlir. Rasim Abdullayev öz istəyi ilə və bu tapşırığa əsasən hərbi tibb maşını ilə Hadrut-Şuşa yoluna çıxır. Xocalı rayonunun Çanaqçı kəndi istiqamətində, Şuşaya az qalmış Abdullayevin maşını pusquya düşür. Bu zaman açılan atəşlərdən yaralanan Rasim Abdullayev şəhid olmuşdur. Bakı şəhəri II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, övladlarının xatirəsinini həmişə əziz tutduqlarına, onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






