Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr – Zəfər Gününə həsr olunmuş dəyirmi masa keçirilib

03 noyabr 2026 | 15:46

      2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar  Kəlbəcər Rayon İcra Hakimiyyəti və YAP Kəlbəcər rayon təşkilatının birgə təşkilatçılığı ilə   YAP Kəlbəcər rayon təşkilatının inzibati binasında  8 Noyabr – Zəfər Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatının Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi  Oqtay Cabbarov, İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Mübariz Cəbrayılov, Hüquq və kadr məsələlər sektorunun məsləhətçisi Hikmət İsmayılov, YAP Kəlbəcər rayon təşkilatının sədr  müavini Qənaət Əsgərov, Elçin Salahov, Vətən müharibəsi qazisi Elvin Hüseynov  və rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.

Dəyirmi masada Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edən 44 günlük Vətən müharibəsinin tarixi-siyasi əhəmiyyəti, qazanılmış möhtəşəm Qələbənin ölkəmizin gələcək inkişafında oynadığı mühüm rol, milli birlik və həmrəyliyin gücü, eləcə də Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsi və strateji rəhbərliyi ətrafında geniş fikir mübadiləsi aparılıb.

Çıxışlarda qeyd olunub ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, sarsılmaz iradəsinin, Vətənə bağlılığının və dövlətçilik əzminin təntənəsidir. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi qəhrəmanlıq, xalqımızın vahid amal ətrafında sıx birləşməsi və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi tarixi Qələbəni şərtləndirən əsas amillər olub. Bu möhtəşəm Zəfər ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasına, yeni tarixi reallıqların formalaşmasına və Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə yol açıb.

Eyni zamanda vurğulanıb ki, Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə başlanan genişmiqyaslı bərpa və quruculuq prosesi dövlətimizin inkişaf strategiyasının mühüm istiqamətlərindən birini təşkil edir. Müasir şəhərsalma prinsipləri əsasında yeni yaşayış məntəqələrinin salınması, sosial və iqtisadi infrastrukturun yaradılması, tarixi-mədəni irsin qorunması və Böyük Qayıdışın mərhələli şəkildə həyata keçirilməsi qalib Azərbaycanın quruculuq qüdrətinin bariz göstəricisidir.

Xüsusi olaraq diqqətə çatdırılıb ki, Kəlbəcərdə aparılan genişmiqyaslı yenidənqurma, abadlıq və infrastruktur layihələri doğma torpaqların dirçəlişinin, tarixi yurd yerlərinə həyatın yenidən qayıdışının təcəssümüdür. Bir zamanlar işğalın ağır nəticələrinə məruz qalmış Kəlbəcərin müasir şəhərsalma və memarlıq standartları əsasında yenidən qurulması tarixi Zəfərin yaratdığı imkanların və dövlətin doğma torpaqlara göstərdiyi xüsusi diqqətin əyani ifadəsidir.

Bildirilib ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində bu mövzunun müzakirəsi Zəfərdən sonra ölkəmizdə həyata keçirilən quruculuq siyasətinin, işğaldan azad olunmuş ərazilərin bərpasının və Böyük Qayıdışın tarixi əhəmiyyətinin daha dərindən dərk edilməsi baxımından xüsusi önəm daşıyır. Zəfər yalnız hərbi Qələbə deyil, həm də milli dirçəlişin, quruculuğun və gələcəyə inamın möhkəm təməlidir.

Keçidlər