Kəlbəcər rayon İcra hakimiyyətində 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olundu.
Kəlbəcər Rayon İcra Hakimiyyətinin akt zalında 18 oktyabr- Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbiri giriş nitqi ilə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov açdı. Qeyd olundu ki, Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə etdi. Bir sözlə, əgər müstəqillik Azərbaycanın suveren dövlət kimi mövcud olması tarixi zərurətdən irəli gələn hadisə idisə, Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan müasir tariximizin danılmaz faktıdır.
Daha sonra tədbirdə geniş məruzəylə çıxış edənlər: rayon icra hakimiyyəti başçısının müavini Aytac Rüstəmzadə, rayon GEM-in müdiri Adil Heydərov, Kəlbəcər rayon 7 saylı tam orta məktəbin müəllimi Nazim Xanlarov və Zivel kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Asəf Muxtarov qeyd etdilər ki, Ulu öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırmışdır. Onlar qürur hissi ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən ətraflı məlumat verdilər.