Bəşər tarixinin ən qanlı cinayətlərindən olan Xocalı faciəsindən 31 il ötür. Faciənin ildönümü ilə əlaqədar Kəlbəcər rayonunda anım tədbiri keçirilib.
25 fevral 2023 | 19:33
Anım mərasimində Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, RİH-in məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyəti iştirak ediblər. Tədbir iştirakçıları Xocalı sakinlərinin müvəqqəti məskunlaşdığı “Yeni qəsəbə - 2”də ucaldılan “Xocalı” abidəsini ziyarət edib. Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev abidə önünə əklil qoyub. Anım mərasimində faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək, ruhlarına dualar oxunub.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev törədilmiş dəhşətli soyqrımın ağır nəticələrindən söhbət açaraq Xocalı faciəsinin təkcə xocalılara deyil, bütün Azərbaycan xalqına qarşı yönələn soyqırımı olduğunu diqqətə çatdırıb, bu qətliamın dünya tarixinə qanlı hərflərlə yazılmış vandal hadisələrdən ən dəhşətlisi olduğunu vurğulayıb. 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun şanlı Qələbə qazanaraq 30 il davam edən işğala son qoyduğunu, ərazi bütövlüyünü bərpa etdiyini bir daha diqqətə çatdırıb.Bildirilib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu Xocalı faciəsi qurbanlarının qisasını düşməndən alıb.