“Erkən nikahın qarşısının alınması – sağlam gələcəyin təminatıdır” mövzusunda tədbir keçirilib
Kəlbəcər Rayon İcra Hakimiyyəti və Kəlbəcər rayonu üzrə Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə “Erkən nikahın qarşısının alınması – sağlam gələcəyin təminatıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Kəlbəcər rayonu üzrə Gənclər və İdman Sektorunun əməkdaşları, təhsil işçiləri, müəllimlər, mədəniyyət sahəsinin nümayəndələri, şagirdlər və digər iştirakçılar iştirak ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd erkən nikahın fəsadları barədə ictimaiyyətin məlumatlandırılması, yeniyetmələrin hüquqlarının qorunması, onların sağlam həyat tərzinə təşviq edilməsi, eləcə də gənc nəslin təhsil almasının və gələcək həyatını düzgün planlaşdırmasının əhəmiyyətinin diqqətə çatdırılması olub.
Çıxış edənlər erkən nikahın fərdin fiziki və psixoloji sağlamlığına, təhsilinə və gələcək inkişafına mənfi təsirlərindən ətraflı bəhs ediblər. Qeyd olunub ki, erkən nikah halları yeniyetmələrin təhsildən yayınmasına, hüquq və imkanlarının məhdudlaşmasına, həmçinin bir sıra sosial problemlərin yaranmasına səbəb ola bilər.
Bildirilib ki, erkən nikahın qarşısının alınması üçün ailələrin, təhsil müəssisələrinin və aidiyyəti qurumların birgə fəaliyyəti, mütəmadi maarifləndirmə işlərinin aparılması və yeniyetmələr arasında hüquqi biliklərin artırılması mühüm əhəmiyyət daşıyır. Xüsusilə qızların təhsilə cəlb olunmasının davamlılığının təmin edilməsi, onların hüquqlarının qorunması və gələcək həyat seçimlərini sərbəst şəkildə müəyyənləşdirmələri üçün əlverişli şəraitin yaradılmasının vacibliyi vurğulanıb.
Tədbir çərçivəsində iştirakçıları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, erkən nikahın qarşısının alınmasında maarifləndirmənin və ictimai məsuliyyətin rolu diqqətə çatdırılıb.
Sonda erkən nikah hallarının qarşısının alınması, yeniyetmələrin hüquqlarının müdafiəsi və sağlam gələcəyin təmin olunması istiqamətində maarifləndirici tədbirlərin əhəmiyyəti vurğulanıb.






