“Heydər Əliyev ili” çərçivəsində 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü ərəfəsində “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda dəyirmi masa keçirilib.
07 noyabr 2023 | 17:14
Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri və aidiyyəti şəxslər iştirak ediblər.
Əvvəlcə Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, qarşısına gül dəstələri düzülüb. Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev vurğulayıb ki, bu gün tam qətiyyətlə deyə bilərik ki, Ulu Öndərin 1969-1982-ci və 1993-2003-cü illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər xalqın yaddaşında daim qalacaqdır. Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər vəzifəyə təyin olunmasını tarixi hadisə kimi qiymətləndirənlər öz qənaətlərində haqlıdırlar. Çünki onun vəzifəyə gəldiyi az bir müddətdə respublikada köklü dəyişikliklər, belə desək, inqilab baş vermişdir. Sovetlər zamanında hər bir tapşırığın mərkəzdən verildiyi və idarə olunduğu bir vaxtda geridə qalan, çıxılmaz sosial-iqtisadi vəziyyətdə olan Azərbaycanda hər sahədə inqilab etmək, tikinti-abadlıq, quruculuq işlərini həyata keçirmək əsl qəhrəmanlıq, vətənə sədaqət nümunəsi, həm də bir tarix idi. Bir sözlə, Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda həyat ritmini büsbütün dəyişdi, ölkədə görünməmiş canlanma və yüksəliş başlandı.Bu gün insanlar həmin tarixi vərəqlədikcə Heydər Əliyev zəkasının, düşüncəsinin, müdrikliyinin böyüklüyünü bir daha hiss edir, ümummilli liderin respublikamız, xalqımız üçün misilsiz xidmətlər göstərdiyinin şahidi olurlar. Heydər Əliyev demokratik hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün ilk növbədə ölkədə ictimai-siyasi sabitliyi, qanunçuluğu bərqərar etdi, cəmiyyətdə hökm sürən hərc-mərcliyə və özbaşınalığa birdəfəlik son qoydu.Azərbaycanda hüquq sahəsində inkişafının əsaslı dönüş mərhələsi məhz ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə və uğurla davam etdirən, öz əməlləri ilə tariximizin ən möhtəşəm uğurlarına imza atan Prezident İlham Əliyev respublikamızda hüquq sisteminin modernləşdirilməsinə böyük diqqətlə yanaşır.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov qeyd edib ki, Zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyevin müəllifi olduğu, demokratik dəyərlərə uyğun hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ilə hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunmuş və insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilmişdi. Bununla, Azərbaycanda hüquqi dövlətin möhkəm təməli qoyulmuş və hüquq islahatlarının aparılmasına başlanılmışdır.
Kəlbəcər RPŞ-nin rəisinin Şəxsi heyət üzrə köməkçisi polis mayoru Eyyub Hüseynov vurğulayıb ki, ölkəmiz müstəqilliyini əldə etdikdən sonra SSRİ-dən miras qalmış, totalitar rejimə xarakterik olan hüquq sistemi və qanunlar sivil və demokratik cəmiyyət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat vermirdi. Azərbaycan Respublikası Konstitusiyasının qəbulu ölkədə bütün sahələrdə, o cümlədən hüquqi islahatların hərtərəfli və kompleks həyata keçirilməsinə rəvac verdi və bu məqsədlə müxtəlif komissiyalar yaradıldı. Hüquq sisteminə müstəsna əhəmiyyət verən ümummilli lider Heydər Əliyev Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürərək islahatların qısa müddətdə və mütəşəkkil aparılmasını təmin etdi.Gərgin fəaliyyəti nəticəsində ölkəmizin bu günü və gələcəyi naminə son dərəcə vacib və əhəmiyyətli, habelə hüquq sisteminin mahiyyətini müəyyən edən tam yeni mütərəqqi qanunlar, o cümlədən “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və digər qanunlar, əvvəlki illərdən prinsipcə köklü surətdə fərqlənən Mülki və Mülki-Prosessual, Cinayət və Cinayət-Prosessual, Cəzaların İcrası və s. məcəllələr qəbul edildi. Bu qanunvericilik aktları beynəlxalq səviyyəli mütəxəssislər tərəfindən ekspertizadan keçirilməklə yüksək dəyərləndirildi.
Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Faiq Mehdiyev vurğulayıb ki,fəxrlə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı bünövrə üzərində Azərbaycan sürətlə inkişaf edir. Ötən 20 ilə yaxın bir dövrdə Prezident İlham Əliyevin bütün sahələrdə davamlı şəkildə həyata keçirdiyi islahatlar cəmiyyət həyatının bütün sahələrində, o cümlədən hüquqi sferada dövlət orqanlarının fəaliyyətində dinamizmi təmin etmişdir.