“Heydər Əliyev – müasir Azərbaycanın qurucusu və memarı” mövzusunda tədbir keçirilib
Kəlbəcər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Kəlbəcər rayon 9 nömrəli tam orta ümumtəhsil məktəbində “Heydər Əliyev – müasir Azərbaycanın qurucusu və memarı” mövzusunda tədbir keçirilib.
Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Heydər Bəylərov, həmin sektorun baş məsləhətçisi Mübariz Cəbrayılov, eləcə də təhsil işçiləri və müəllimlər iştirak ediblər.
Tədbirdə çıxış edən Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Heydər Bəylərov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulması və möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi tarixi missiyadan, xalqımızın milli maraqlarının qorunmasında və ölkəmizin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətlərdən bəhs edib. O, Ulu Öndərin zəngin siyasi irsinin öyrənilməsinin, dövlətçilik ideyalarının təbliğinin və gənc nəslə aşılanmasının vacibliyini vurğulayıb.
Digər çıxışlarda Ulu Öndər Heydər Əliyevin dövlət müstəqilliyinin qorunub saxlanılması, ölkənin sosial-iqtisadi inkişafının təmin edilməsi, milli-mənəvi dəyərlərin qorunması və azərbaycançılıq ideologiyasının inkişafı istiqamətində tarixi xidmətlərindən ətraflı bəhs olunub.
Qeyd edilib ki, Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində müasir Azərbaycan dövlətinin möhkəm təməlləri yaradılıb, ölkənin gələcək inkişaf strategiyası müəyyənləşdirilib. Ulu Öndərin siyasi kursu bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir.
Tədbirdə Ulu Öndərin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan, milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər gənc nəslin yetişdirilməsi istiqamətində həyata keçirdiyi siyasətin əhəmiyyətindən də danışılıb. Bildirilib ki, Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği, onun dövlətçilik ideyalarının gələcək nəsillərə çatdırılması mühüm əhəmiyyət daşıyır.
Sonda vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri daim ehtiramla yad edilir, onun zəngin dövlətçilik irsi və ideyaları gələcək nəsillər üçün əbədi örnək olaraq qalır.






