Kəlbəcər rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizlik orqanlarının yaranmasının 104 illiyi qeyd edilib.
28 mart 2023 | 14:15
Kəlbəcər rayon İcra Hakimiyyətinin Başçısı Azər Qocayev və DTX-nin Kəlbəcər rayon şöbəsinin rəisi Coşqun Qurbanov əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə tər çiçəklər düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Kəlbəcər rayon İcra Hakimiyyətinin Başçısı Azər Qocayev Dövlət Təhlükəsizliyi Xidməti orqanlarının bütün əməkdaşlarını, o cümlədən rayon şöbəsinin kollektivini peşə bayramları və Dövlət Təhlükəsizlik orqanlarının yaranmasının 104 illiyi münasibətilə səmimi qəlbdən təbrik etdi, onlara cansağlığı, çətin və şərəfli işlərində yeni-yeni uğurlar arzuladı.
Bildirdi ki, əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş, keçmişin ən ümdə şanlı dəyərlərini özündə əks etdirməklə gələcəyə hesablanmış uğurlu dövlətçilik strategiyası bu gün müstəqil ölkəmizdə bütün sahələrdə olduğu kimi, dövlət təhlükəsizlik istiqamətində də layiqli şəkildə davam etdirilməkdədir.
Rayon rəhbəri qeyd edib ki, Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Respublikamızda dövlət təhlükəsizliyinin qorunması istiqamətində atılan uğurlu addımların nəticəsində Azərbaycan hazırda regionun lider ölkəsinə çevrilib. Bu yönümdə əsas qarant olan sabitlik və təhlükəsizliyin etibarlı qorunmasında dövlət təhlükəsizlik orqanlarının öz layiqli rolu və xidmətləri vardır.
DTX-nin Kəlbəcər rayon şöbəsinin rəisi Coşqun Qurbanov çıxış edərək onlara göstərilən bu yüksək diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi.