Kəlbəcər Rayon İcra Hakimiyyətində Rayon Ağsaqqallar Şurasının iclası keçirilib.
30 sentyabr 2022 | 18:09
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Kəlbəcər Rayon İcra Hakimiyyətinin akt zalında baş tutan tədbirdə YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov və mətbuat katibi Rafiq Rzayev, Kəlbəcər RİH-nin məsul əməkdaşları,rayon ağsaqqalları və ictimaiyət nümayəndələri iştirak ediblər.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının və ötən dövr ərzində vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov tədbir iştirakçılarını salamlayıb. Bildirib ki, öz sıralarında elm, mədəniyyət və incəsənət adamlarını, ictimai-siyasi xadimləri birləşdirən Azərbaycan Ağsaqqallar Şurası cəmiyyətimizin, xüsusilə də yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərinə düşən öhdəlikləri yerinə yetirir. Ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edərək öz fəaliyyətini bir çox istiqamətlərdə quran Azərbaycan Ağsaqqallar Şurasında təmsil olunan respublika ağsaqqalları ulu öndər Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər zaman xalqın mənafeyinə xidmət edən daxili və xarici siyasətini dəstəkləyir, gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə xüsusi diqqət yetirir, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə öz qüvvə, bilik və bacarıqlarını əsirgəmirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman gənclərə göstərdiyi diqqət və qayğısı ilə yanaşı ağsaqqallara da həmişə böyük dəyər verib.
Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov çıxış edərək tədbir iştirakçılarını salamlayıb və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb. O, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb. Sədr müavini Bayram Yusifov ağsaqqallara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.
Sonra təşkilati məsələlər müzakirə olunub. Kəlbəcər Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib.
Vəlyəddin İsmayılov Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri seçilib. İclasda, həmçinin Ağsaqqallar Şurasının İdarə Heyyətinin və Təftiş Komissiyasının üzvləri seçiliblər.
Sonda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Rayon ağsaqqallarını və gələn qonaqları qəbul edib, Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini, İdarə Heyyətinin və Təftiş Komissiyasının üzvlərini təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. Xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında ağsaqqal tövsiyəsinin və məsləhətinin əhəmiyyətini vurğulayan icra başçısı bildirib ki, xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal, ağbirçək sözü, xeyir-duası həmişə ən ali həyat məramı olub. İcra başçısı rəhbər təyin olunduğu ilk gündən mütəmadi olaraq ağsaqqallarla görüşdüyünü, hər zaman onların xeyir-duasını aldığını, ağsaqqal məsləhətinə, tövsiyəsinə həmişə böyük önəm verdiyini diqqətə çatdırıb. Ölkəmizdə ağsaqqallara olan qayğının bu gün Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən davam etdirildiyini bildirib. Ölkə başçısının cəmiyyətimizdə ağsaqqalların roluna çox böyük önəm verdiyini, Azərbaycan ağsaqqallarının tariximizin bütün dövrlərində öz sözlərini dediklərini qeyd edib.
Rayon Ağsaqqallar Şurasının sədri Vəlyəddin İsmayılov göstərilən etimada görə minnətdarlığını ifadə edərək, şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.