Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə vətəndaşlarla növbəti səyyar qəbulunu həyata keçirib.
07 oktyabr 2022 | 16:37
7 oktyabr 2022-ci il tarixdə əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Goranboy rayonu, Qaraçinar kəndi, Kəlbəcər rayon 63 nömrəli tam orta məktəbin binasında həmin ərazidə yaşayan vətədaşlar üçün səyyar-görüş qəbulunu keçirmişdir.
Səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev ilə yanaşı, Xocalı rayon Polis Şöbəsinin rəisi polis polkovniki Zaur Nəbiyev, Kəlbəcər RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri, rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının məsul işçiləri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak etmişdir.
RİH başçısı Azər Qocayev səyyar görüşdə sakinlərə ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən, 44 günlük Vətən müharibəsində qazandığımız Şanlı Qələbədən, həmçinin sentyabr ayının 12-13-də Ermənistan Silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatdan danışıb, Azərbaycan Ordusunun düşmənə layiqli cavab verdiyini bildirib, şəhid olan hərbiçilərimizin ailələrinə dərin hüznlə başsağlığı verib, Ulu Tanrıdan onlara rəhmət diləyib.
Daha sonra qəbulda iştirak edən rayon sakinləri ümumi problemlərini, həmçinin vətəndaşlar onları narahat edən məsələləri RİH başçısının nəzərinə çatdırılmışlar.
Vətəndaşların səsləndirdiyi müraciətlərin qeydiyyatı aparılaraq nəzarətə götürülmüş, həlli məqsədi ilə müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı bildirilmişdir.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.