Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Gəncə şəhəri Qocalar evinin yataqxanasında müvəqqəti məskunlaşan 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş Qabilov İsmayıl Əli oğlunun ailəsini ziyarət edib və həmin ərazidə yaşayan məcburi köçkünlərlə görüşüb.
23 noyabr 2022 | 13:34
Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi Kəlbəcər rayonunda daim ehtiramla anılır. Rayon rəhbərliyi ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının ailələrini mütəmadi olaraq evlərində ziyarət edir, onlara mənəvi dəstək olurlar.
44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş Qabilov İsmayıl Əli oğlunun ailəsi yaşadığı evdə ziyarət olunub, ailənin qayğıları ilə maraqlanılıb. Ziyarətdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev,RPŞ-nin Şəxsi Heyət üzrə rəis köməkçisi mayor Əyyub Hüseynov, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri, rayonun idarə, müəssisə rəhbərləri iştirak ediblər.
Ziyarət zamanı şəhidimizin keçdiyi döyüş yolundan, xatirələrindən söhbət açılıb. Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev bildirib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuz Qarabağı və digər ərazilərimizi işğaldan azad etməklə 30 illik yurd həsrətinə son qoydu və 2020-ci il müstəqil Azərbaycanımızın hərb tarixinə şanlı səhifə kimi yazıldı. Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında əsl qəhrəmanlıq göstərərək bütün dünyaya sübut etdilər ki, Qarabağ Azərbaycandır!
Səmimi keçən söhbət zamanı şəhid ailəsini narahat edən məsələlər öyrənilib, onların həlli nəzarətə götürülüb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, problemlərinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, Qabilov İsmayıl Əli oğlu 15 iyul 1983-cü ildə Kəlbəcər rayonunun Mozqaraçanlı kəndində anadan olub. 1990-cı ildə Kəlbəcər şəhər Mozqaraçanlı kənd orta məktəbinin 1-ci sinifinə daxil olub.
1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Qabilovlar ailəsi Gəncə şəhərində yaşamağa başlayıblar. Orta təhsilini Gəncə şəhər 8 saylı tam orta məktəbdə davam etmişdir. Orta məktəbi bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Ağdam rayon N saylı hərbi hissədə hərbi xidmətini başa vuran İsmayıl Qabilov hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. Azərbaycan Ordusunun çavuşu olan İsmayıl Qabilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Murovdağ istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. Sentyabrın 27-i Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ailəli idi. Uzun müddətdən sonra nəşi tapılaraq ailəsinə təhvil verilmişdir. 05 dekabr 2020-ci il tarixində Göygöl rayon Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Kəlbəcərin azad olunması” və “Vətən uğrunda” medalları ilə təltif edilmişdir.
Daha sonra, Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Kəlbəcər rayon sakinlərinin müvəqqəti məskunlaşdığı Gəncə şəhəri Gülüstan qəsəbəsi Qocalar evinin yataqxanasında yaşayan məcburi köçkünlərlə görüş keçirib.
Görüş zamanı RİH başçısı həmin ərazidə yaşayan sakinləri dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində aidiyyatı qurumlar qarşısında məsələ qaldırılacağını bildirmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə dair dövlət proqramları haqqında ətraflı məlumat verib və qeyd edib ki, keçirilən belə görüşlərin əsas məqsədi sakinlərin problemlərini öyrənmək və onların operativ şəkildə həllinə nail olmaqdır.
A.Qocayev bildirib ki, hal-hazırda torpaqlarımız işğaldan azad olunmuşdur. Qısa müddət ərzində cənab Prezidentin rəhbərliyi ilə rayonumuza Böyük Qayıdış proqramı icra olunacaq və rayon sakinləri öz doğma yurd-yuvalarına qayıdacaqdır.
Məcburi köçkünlər RİH başçısının yerlərdə sakinlərlə görüşünü təqdirəlayiq hal hesab edərək, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.