Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid Həmzəyev Şəhriyar Elman oğlunun ailəsini ziyarət edib.
31 yanvar 2026 | 09:22
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər RİH-in məsul əməkdaşları şəhid Həmzəyev Şəhriyar Elman oğlunun ailəsini ziyarət edib.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərimizə olan diqqət və qayğısından söz açaraq ailənin qayğıları ilə maraqlanıb, 44 günlük şərəfli zəfər tarixmizə nəzər salaraq şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edib. Eyni zamanda bildirilib ki, onların əziz xatirəsi hər zaman anılacaq, xalqımız və dövlətimiz tərəfindən unudulmayacaqdır.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki,şəhid Həmzəyev Şəhriyar Elman oğlu 01 mart 2001-ci ildə Yevlax şəhərində anadan olub. 2008-ci ildə orta məktəbin 1-ci sinifinə daxil olub. 2018-ci ildə orta məktəbi bitirib. 2019-cu ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
Şəhriyar 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Şəhriyar Həmzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Xocavənd istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərmişdir. 29 oktyabr 2020-ci il tarixdə Xocavənd istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Subay idi. 30 oktyabr 2020-ci ildə Göygöl rayon Murovdağ qəsəbəsi Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.






