Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid leytenant Şirinov Ömər Muğan oğlunun və şəhid leytenant Orucov Nemət Əkbər oğlunun məzarlarını və ailə üzvlərini ziyarət edib.
07 mart 2023 | 13:03
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Goranboy rayonu Zeyvə kənd qəbirstanlığında dəfn edilən 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş Orucov Nemət Əkbər oğlunun və 2022-ci ilin sentyabrın 12-si gecə, 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən qəhrəmancasına şəhid olan leytenant Şirinov Ömər Muğan oğlunun məzarlarını ziyarət edib.
Ziyarətdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi polkovnik-leytenant Nazim Çələbiyev,RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri iştirak edib.
Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.
Daha sonra Goranboy rayonu, Aşağı Ağcakənd kəndində müvəqqəti məskunlaşan leytenant Şirinov Ömər Muğan oğlunun ailəsi ziyarət olunub.
RİH başçısı Azər Qocayev şəhid Şirinov Ömər Muğan oğlunun ailəsi ilə görüşdə qeyd edib ki, şəhid ailələri daima Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yüksək diqqət və qayğısı ilə əhatə olunmuşdur. O cümlədən də, şəhid Şirinov Ömər Muğan oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Azərbaycan Bayrağı” Ordeni ilə təltif edilmişdir.
Daha sonra Vətən müharibəsində qazanılan Qələbədən söz açılıb, şəhidlərin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi xüsusi vurğulanıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Allah cəmi şəhidlərimizə rəhmət etsin !